Ərəb Əmirliklərində çalışan xanım alimimiz: Hər il  28 Mayla bağlı müsabiqə keçirir, tələbələri milli hədiyyələrlə mükafatlandırıram  

11:02 / 31.07.2019

Şəhrizad Süleyman: "Burada bütün elmi dərəcələrin yarısı qadınların payına düşür"

Özünün də dediyi kimi, ruhunu, ürəyini, vətəndə qoyub... Özü orada, gözləri isə burada qalıb, bir ərəb deyimində deyildiyi kimi...

Gərgin elmi işlərin, bir-birini əvəzləyən işgüzar görüşlərin ardından “Vətəni özləmə” saatlarını heç zaman qaçırmır... Hazırda düşmən tapdağı altında olan doğma yurdu, küləklərini qoxuyaraq böyüdüyü əziz şəhəri Bakı ilə bu “özləm saatı” içərisində görüşür, Şəhrizad xanım:

“Hara getsəm də, harda olsam da xəzrisi, gilavarı ilə ruhuma sığal çəkən doğma şəhərim, badi-səbanın həzin titrəyişindən ilham alan mavi Xəzərim üçün qəribsəyirəm. Qoynunda dünyaya göz açdığım, ilk kövrək addımlarımı atdığım, suyunu içib, nemətini daddığım, acısı ilə kədərlənib, sevinci ilə qanadlanıb uçduğum, sevgisindən doymadığım Vətənimdən sərfəli iş təklifi gələrsə, məmnunluq hissi ilə dəyərləndirə bilərəm”.

Biz isə onunla söhbət zamanı sanki bəşəriyyətin müdriklik ruhu olan Şərqin cazibədar ovqatına, mistik rənginə boyandıq... Şəhrizad xanım danışır, biz isə Qoca Şərqin, Ulu Şərqin müdrik nəfəsini içimizə çəkir, tarixin Şərqdən sanki xəcalətli olan gözlərinə baxaraq, “bax, biz buyuq” ədası ilə ruhumuzu dinləndirirdik...

Şəhrizad xanımın – Birləşmiş Ərəb Əmirliklərinin Əbi-Dabi Dövlət Universitetinin beynəlxalq əlaqələr kafedrasının əməkdaşı, araşdırmaçı alim-Şəhrizad Süleymanın AzEdu.az təhsil portalına müsahibəsinə yalnız bir ad  vermək olar: şirinli-sovlu Şərq nağıllarına, dünyanı hələ də işıqlandıran Şərq müdrikliyinə səyahət..

Əziz oxucu, bu səyahət sizin üçündü... İndi özünüz seçin, “Min bir gecə nağılları”ndakı sehirli xalça iləmi, əfsanəvi Simurq quşunun qanadındamı,  ya nə iləsəmi özünüz seçin... Yorulsanız,  geri qayıda bilərsiniz... İndi isə başladıq...

-Öncəliklə xarici ölkələrdə yaşayan və müxtəlif elmi sahələrdə fəaliyyət göstərən  azərbaycanlı alimlərə, aydınlara göstərdiyiniz məxsusi diqqətiniz üçün sizin timsalınızda saytınızın hər bir əməkdaşına sonsuz təşəkkürümü bildirirəm. Yaradıcı insanlara göstərilən diqqət və qayğı zənnimcə, yeni uğurlara imza atmağa stimul verir.

Elmi fəaliyyətimə gəlincə, artıq uzun illərdir Əbi-Dabi Dövlət Universitetinin beynəlxalq əlaqələr kafedrasında çalışıram. Qeyd edim ki, uşaq yaşlarımdan ailəmlə bərabər Birləşmiş Ərəb Əmirliklərində yaşadığım üçün mədrəsə (orta), ali və magistr təhsilimi bu ölkədə almışam. Əcnəbi ölkədə aldığım mükəmməl təhsil elmi fəaliyyətimə, araşdırma və tədqiqat  işlərimə mühüm təsir göstərir. Bəhri-ümman olan və mübhəm sirlərlə dolu klassik şərq ədəbiyyatı ilə yanaşı, çağdaş ərəb poeziyasının incəlikləri də məni özünə cəlb edir.  Elmı işim modern ərəb şeirinin ən nəhəng simalarından sayılan, siyası, ictimai məzmunlu şeirləri, fəlsəfi poemaları ilə bütün dünyada şöhrət qazanan Nizar Qəbbani yaradıcılığının tədqiqinə həsr olunub. Bundan əlavə, klassik Şərq ədəbiyyatının məşhur ustadlarından, kəlami-qələm sultanlarından, onların dünya xəzinəsinə bəxş etdikləri dürri-incilərindən bəhs edən xeyli sayda tədqiqat xarakterli məqalələrim, araşdırma yazılarım müxtəlif ərəb ölkələrinin elmi dərgilərində, ədəbi qəzet və jurnallarında çap olunub. Ərəb aləmində məşhur olan "Zahrat əl-Xəlic" dərgisində mütamadi olaraq köşə yazılarım işıq üzü görür. Tədqiqat işlərim ilə əlaqədar vaxtaşırı müxtəlif ərəb ölkələrində elmi ezamiyyətlərdə olur, əcnəbi məmləkətlərdə keçirilən beynəlxalq forumlarda, konfrans və simpoziumlarda iştirak edirəm. Hazırda ərəb mühacir ədəbiyyatının dahi simalarından olan, dünya şöhrətli Cübran Xəlil Cübranın həyat və yaradıcılığından bəhs edən "Şərq ruhunun dühası Qərb həyatında"  adlı kitab üzərində çalışıram və yaxın aylarda Livanın paytaxtı Beyrutda "Lübnan Yazıçılar Birliyi"nin dəstəyilə müəllifi olduğum kitabın təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulur. 

Qürbət diyarlarda elmə xidmət etmək məsələsinə gəlincə...  Hər bir xarici ölkədə elm, təhsil sahəsinin özəl qanunları, iş prinsipləri, çətinlikləri var. Ələlxüsus, bu sahələrdə fəaliyyət göstərən və müxtəlif ölkələrdən gəlmə əcnəbi elm adamları üçün müşküllər və hər addımbaşı çətinliklər birə beş artır. Qeyd edim ki, yazılan tədqiqat işləri, elmi, ədəbi araşdırmalar hətta nöqtə, vergülünə qədər müxtəlif akademik mərkəzlər tərəfindən ciddi-cəhdlə dəfələrlə yoxlanılır. Bir sözlə, xarici ölkələrdə elmi sahələrdə uğur qazanmaq – öncə dərin bilik, praktik təcrübə, gərgin iş rejimi və gecəli-gündüzlü zəhmət tələb edir.

-Elmi-tədqiqat  sahəniz  Şərq müdrikliyi,  Şərqin irrasional düşüncə tarixi və metafizik  özüllərdən şirə toplayır. Fikrinizcə, Şərq dünyası olaraq, Şərq ruhunu, Şərq idrakını dünyaya tanıtmaqda niyə çox çətinlik çəkirik?

-Şölələnən ruhu ilə qədim Şərq  tarixin başlanğıcı və insanlığın ilk vətənidir. Şərqin xoşbəxtliyi ondadır ki, insanlıq ilkin yaddaş, mənəviyyat və mədəniyyət  laylasını məhz müdrik  Şərq beşiyində dinləyib. İnsanla, təbiətlə bağlı hikmətli hədislər, müdrik aforizmlər, dərin məna qatlı kəlamlar, zaman və məkanın fövqündə dayanan fəlsəfi fikir və düşüncələr, bəşər mədəniyyəti xəzinəsinin ən qiymətli inciləri hesab olunan  müxtəlif ədəbi, elmi  nümunələr Şərq düşüncəsinin kamilliyindən, müdrikliyindən, fövqəl əzəmətindən xəbər verir. Əsrlərdir, Şərq mövzusu, mədəniyyəti, tarixi, fəlsəfəsi, ədəbiyyatı  Qərbin aparıcı elm mərkəzlərinin, alim və tədqiqatçılarının, elmi, ədəbi zümrəsinin diqqət mərkəzindədir. Qeyd edim ki, Şərq ölkələrindən olan ədiblərin əsərləri hələ orta əsrlərdən müxtəlif Avropa dillərinə tərcümə olunub. Qərbin fikir dünyası, mütəfəkkirləri, ədibləri, filosofları, alimləri Şərq mənbələrindən, şərqli “qüvveyi-aqillərdən” çox bəhrələniblər və belə faktların sayı-hesabı yoxdur. Böyük ingilis dramaturqu Uilyam Şeksprin məşhur "Romeo və Cülyetta"sı dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun"undan  əxz olunduğu,  Daniel Defonun "Robinzon Kruzo" və  Baltasar Qrasianın "Tənqidçi" əsərləri əslində Əndəlüslü filosof-alim İbn Tufeylinin "Heyy İbn Yekzan" əsərindən, Fridrix Şillerin "Hiylə və eşq"i  əl-Asmainin "Antara va Abla"sından, Jan de Lafontenin novella və nağılları "Kəlilə və Dimnə"dən, Corc Bayronun "Şərq poemaları", "Abidos gəlini",  Covanni Bokkaççonun "Dekameron" novellalar toplusu və Tomas Morun "Lalla Rux" əsərinin "Min bir gecə"dən,  Persi Biş Şelli şeirlərinin Antara bin Şəddəddən götürülməsi qərb elm dünyasında sübuta yetirilmişdir. Dantenin "İlahi komediya" əsərinin mövzusu Dantedən iki yüz il əvvəl yaşamış Əbi əl-Maərinin "Risələt əl-ğufran" əsərindən təsirlənərək yazdığı və əsərdəki obrazları fərqli üslubla işləyib meydana gətirməsi bir çox mənbələrdə öz əksini tapıb.

 Şərq bu gün də Avropada yaşamaqda davam edir. Avropanın qədim kitabxanaları, dünya muzeyləri Şərqə aid tarixi eksponatlar, qədim əlyazmalar, müxtəlif mədəniyyət inciləri, maddi-mənəvi sərvətləri ilə zəngindir. Qərb insanı öz coğrafiyasındakı muzeylərə baş çəkdikdə qədim Şərqə sanki səyahət etmiş olur.  Şərq ruhunun, Şərq idrakının dünyada tanıdılması, Qərb mühitində səslənməsi müasir dövrdə, texnologiya əsrində zənnimcə, qənaətbəxşdir. Dünyanın aparıcı şərqşünaslıq mərkəzləri, müxtəlif elmi akademiyaların Şərq ölkələri üzrə tədqiqat bölümləri, Böyük Britaniya, ABŞ, İspaniya, Fransa, İtaliya və s. ölkələrdə fəaliyyət göstərən Şərq Ədəbiyyatı Araşdırmalar Cəmiyyəti, nüfuzlu nəşriyyatlar, tərcüman birlikləri, kitab evləri tərəfindən mühüm işlər görülür. Dünya şöhrətli ərəb, fars, türk, hind, çin, yapon şair və yazıçıların, filosof və ədiblərin əsərlərini Amerika və Avropa oxucusu müdhiş heyranlıqla oxuyur. Şəxsi müşahidələrimə əsasən qeyd edim ki, Avropanın iri şəhərlərindəki istənilən kitab mağazalarında şərqli müəlliflərin kitabları ən çox satılan və reytinqli kitablar sırasındadır. 

-Sürət, texnika və praqmatik yanaşma əsri olan XXI əsrin və çağdaş dünyanın bu gün Şərq ruhuna qayıdışa nə dərəcədə ehtiyacı var?

-İnsanların təhtəlşüurunda  Şərq – qədimlik və ənənəviliyin, ətalətin, monarxiyanın, müharibə ocaqlarının, insan haqlarının tapdalandığı toplumların, Qərb  isə əksinə, müasirliyin, modernləşmənin, demokratiyanın beşiyi, qayda-qanunların hakim olduğu cəmiyyətlərin, yeni dövr intellektual və texnoloji uğurların simvolu kimi anlaşılır. Hələ ötən əsrin əvvəllərində dahi ərəb mütəfəkkiri Əmir əl-Reyhani qeyd edirdi: "Qlobollaşmanı, dünyaya inteqrasiyanı maraqlar məcrasında istiqamətləndirmək istəyən qüvvələr Avropa mədəniyyətini, Qərb dəyərlərini ali, yüksək keyfiyyətlərə malik bir mədəniyyət etalonu kimi dəyərləndirir, şərqlinin qərbli olması üçün mənsub olduğu özəlliklərdən imtina etməsini, qan, gen yaddaşını, ruhunu dəyişməsini tələb edirlər. Bu gün söhbət şərqlinin qərbliləşməyindən, yaxud qərblinin şərqliləşməyindən getməməlidir. Şərqlə Qərb bir-birini tamamlamalı, şərqli zehni ilə qərbli zəkası qarşılıqlı şəkildə bəhrələnməli, öz kökləri üzərində daha da zənginləşməli, Qərb texnologiyası ilə Şərq qabiliyyəti birləşdirilməli və yeni mədəni potensiallar üzə çıxarılmalıdır. Bu baxımdan Qərbin Şərqə və Şərqin də Qərbə ehtiyacı vardır."

-Müsəlman dünyası hazırda elmin inkişaf tempinə  görə Avropadan niyə geri qalır?

-Tarixə nəzər yetirsək, orta əsrlər Avropası zülmət, fanatizm, inkvizisiya, cəhalət girdabında çabalarkən, Şərq aləmi elmi, mədəni tərəqqi, intibah dövrünü yaşayırdı. Məhz "İslamın qızıl çağlarında" qeyri-islam bilgiləri üzrə Xarəzmi, İbn Sina, Biruni, Bəttani, Nəsrəddin Tusi, Cabir İbn Həyyan, Əl-Ciziri, İbn Rüşd, Razi, Əbu Məşər, Əl-Zəhrəvi, İbn əl-Heysəm, Əl-Kindi kimi alimlər yetişib, dünya elminə böyük töhfələr verdilər. Müsəlman dünyasındakı  elmi uğurların başlıca səbəbi İslam dininin, Məhəmməd peyğəmbərin  elmə, savada, alimlərə verdiyi böyük önəm idi. Qurani-Kərim Avropa alimlərinin də etiraf etdikləri kimi, özündə insan düşüncəsinin ən yüksək nəzəriyyə və təlimlərini qidalandırmağa yetəcək qədər düşüncə və duyğulardan meydana gələn tükənməz bir xəzinəni əhatə edir. İlk buyruğu "oxu" sözü ilə başlayan bir dinin mənsubları bütün elmi araşdırmaların və kəşflərin ilham qaynağı olan Qurani-Kərim ayələrini və peyğəmbər əfəndimizin hədislərini özləri üçün rəhbər tutaraq elm, tərəqqi, yüksəliş yoluna qədəm qoydular. Ərəb xilafəti dövründə Bağdad şəhərində indiki Elmlər Akademiyasını xatırladan və Müdriklik Evi adlandırılan elmi mərkəz yaradıldı. Müdriklik Evinin nəzdində dini kitablarla yanaşı, dünyəvi elmlərdən bəhs edən kitablardan ibarət Kitab Evi və dünyəvi elmlər tədris olunan məktəb təşkil olundu. Müsəlman renessansı təkcə Bağdadda kök atmadı, Mərkəzi Asiyadan Hindistana, Şimali Afrikaya qədər böyük bir coğrafi arealı əhatə etdi. Bağdad, Qahirə, Dəməşq, Əndəlüs, İsgəndəriyyə, Buxara, Kufa,  Kurtuba, Səmərqənd və digər şəhərlər dünyanın intellektual, elm, mədəniyyət  mərkəzlərinə çevrildilər. Dünyanın ən qədim və ilk universiteti sayılan Kureviyyin Universiteti məhz müsəlman dünyasında, Mərakeşin Fas şəhərində təsis olundu. 859-cu ildən bu günümüzə qədər fasiləsiz olaraq fəaliyyət göstərən Kureviyyin Universitetində ilahiyyat elmləri ilə yanaşı ərəb dili qrammatikası, məntiq, tibb, riyaziyyat, astronomiya, tarix, kimya, coğrafiya, musiqi  tədris edilirdi və bu ali təhsil ocağını bitirən tələbələrə "elmi hasil etmiş şəxs" adlandırılan rəsmi, möhürlü kağız verilirdi ki, bu da müasir diplom idi. Qərb mədəniyyəti ilə öyünən avropalılar isə, müsəlmanlardan 229 il sonra 1088-ci ildə özlərinin ilk dünyəvi  təhsil ocağını – Bolonya Universitetini təsis etdilər. Qeyd etdiyim kimi, Avropa cəhalətlə öyündüyü, elmlə düşmənçilik etdiyi, inkvizisiya məhkəmələrində elm adamlarını əzabla, işgəncələrlə öldürüb, yandırdığı dövrlərdə müsəlman alimlər məhz elmi araşdırmalarla məşğul idilər. Fransalı şərqşünas-alim Qotye müsəlmanların kəşfləri ilə bağlı fövqəl heyranlıqla yazırdı: "Əgər Qərb intibahı İslam mədəniyyətinin kitab, kağız, poçt rabitəsi kimi miraslarına yiyələnməsəydi, Qərbin hansı vəziyyətdə olacağını təsəvvür etmək belə dəhşətlidir".

 Orta əsrlərin başlanğıcında dəqiq elmlərin inkişafında müsəlmanlar qədər xidmət etmiş başqa bir ümmət yoxdur. Məlum olduğu kimi, rəqəmləri avropalılara müsəlmanlar öyrətmişlər. Bu gün bütün dünyanın istifadə etdiyi rəqəmlər (sıfırdan doqquza qədər) ərəblərin icadıdır. Avropanın bir sıra məşhur elm adamları etiraf edirlər ki, intibahımızın riyaziyyat müəllimləri müsəlmanlardır. Xarəzmi  ilk cəbr kitabını "Əl-cəbr vəl-mükabələ" adı ilə yazmış və cəbr (əl-cəbr) sözü Qərbə "algebra" şəklində keçib. "Alqoritm"in özü belə Məhəmməd bin Musa əl-Xarəzminin adı ilə bağlıdır.

 Riyaziyyat sahəsində Avropaya müəllimlik edən müsəlman alimlərindən biri də Bəttanidir. O, triqonometriyanı dünyada  icad edən ilk alimdir. Triqonometriyaya dair ilk ciddi əsərin müəllifi dahi Azərbaycan alimi Nəsrəddin Tusi, onluq kəsr sistemini tapan, bu mövzuda ilk əsər yazan, riyaziyyatda vergülü işlədən isə, Qiyasəddin Cəmşiddir. Astronomiya müsəlman alimlərinin ən çox məşğul olduqları elm sahələrindən biri idi. İslam ölkələrinin, demək olar ki, hər böyük şəhərində rəsədxana var idi. Bu rəsədxanalarda müsəlmanların qazandıqları nailiyyətlər elm dünyasına əsrlərcə bələdçilik etmiş, Kopernik və Qaliley kimi bir çox Qərb alimləri üçün ilham mənbəyi olmuşdur. Tibb, fizika, kimya, coğrafiya və s. sahələrdə elmi kəşflər dünyada  ilklərə imza atan məhz müsəlman alimlərin adı ilə bağlıdır. Qərb dünyası Şərqin elmi irsini mənimsədikdən sonra  avropalılar bu elmlərlə silahlanaraq özlərinin müəllimlərinə, elmi nöqteyi-nəzər baxımından öz "atalarına" qarşı aqressiv və təcavüzkarcasına hücuma keçdilər. Müsəlmanların elmi uğurlarına qısqanclıqla yanaşan əcnəbi alimlər, avrоpalılar bir çоx ixtiranı, kəşfləri öz adlarına çıxarmaqdan belə çəkinmədilər, bəzi gerçəkləri gizlətdilər, tarixdəki həqiqətləri danmaqla inkar etdilər. Əfsus ki, bu gün elmi, intellektual, texnoloji sahələrdə özlərindən başqa heç kimi qəbul etmək istəməyən Amerika və Qərb dünyasında müsəlmanlara, eləcə də, qeyri-xristian dinindən olan alimlərə qarşı gizli və ya aşkar şəkildə güclü qısqanclıq hissi hökm sürür. Lakin bütün çətinliklərə baxmayaraq müasir dövrdə də dünya çapında öz sözünü deyən, elmi nailiyyətlər əldə edən müsəlman alimlərin sayı günü-gündən artır.

-Bir çox Şərq və ərəb ölkələrində olmusunuz. Oradakı elmi potensial və inkişaf mexanizminin Azərbaycanla nə kimi oxşar və fərqli cəhətləri var?

-Dahi Çin filosofu və mütəfəkkiri Konfutsinin belə bir ibrətamiz fikri var: "Elm və təhsildən bəhrələnməyi bacaran cəmiyyət həmişə firavan yaşayır." Həqiqətən, hər bir ölkənin inkişafının başlıca amili elm və təhsildir. Müasir dünyada istənilən dövlətin gələcəyi məhz təhsilinin səviyyəsi ilə ölçülür. Ərəb ölkələrinə gəlincə, təhsil əsas olaraq üç mərhələli – “taalim əl-əsasi” (əsas təhsil), “taalim əl-sənavi” (orta təhsil)  və “taalim əl-camai” (ali təhsil) sistemi əhatə edir.

Bütün ərəb ölkələrində orta təhsil dövlət təhsil müəssisələrində  yerli vətəndaşlar üçün pulsuz və məcburidir. Lakin heç də bütün ərəb ölkələrində təhsilin səviyyəsi qənaətbəxş deyildir. Yəmən, İraq, Liviya, Suriya, Əfqanıstan və s. Şərq ölkələrində müharibə səbəbi ilə təhsil demək olar ki, yox dərəcəsindədir. Bu ölkələrdə siyasi böhran, xaosun hökm sürməsi, ardıcıl partlayışların baş verməsi, məktəblərin yandırılması və vətəndaşların öz yurd-yuvalarından qaçqın düşmələri  təhsilin inkişafına ciddi əngəl törədir. Şəxsi müşahidələrimə əsasən, digər ərəb ölkələrində təhsilin ümumi səviyyəsinə nəzər yetirək: Bəşər sivilizasiyasının beşiyi, “Umm əl-dünya” (Dünyanın anası) adlandırılan və əsrlər boyu Şərq aləminin mədəni, elm mərkəzi olan Misir Ərəb Respublikasında orta məktəblər müəllim qıtlığından əziyyət çəkir.

İqtisadi, sosial çətinliklər ucbatından universitetlərə, kolleclərə qəbul olunan misirli gənclərin 45%-i ali təhsillərini davam etdirə bilmirlər. Ölkədəki dini mədrəsələr müxtəlif məzhəblərin təsiri altında fəaliyyət göstərirlər.

Digər ərəb ölkəsi olan Mərakeşdə isə, doğma dilə sanki bir biganəlik hökm sürür. Ölkənin rəsmi dili ərəb dili olsa da, təhsil və təlim fransız dilindədir. Mərakeş Təhsil Nazirliyi dərslərin fransızca keçirilməsinə səbəb kimi, bu dilin "dünyaya açılan pəncərə" olduğunu israrla qeyd edir. Əlcəzairdə də vəziyyət Mərakeşdəki kimidir. Təhsil ocaqlarında dərslər  əsasən fransız dilində tədris olunur. Qadınların işçi qüvvəsinin yalnız beşdə birini təşkil etdiyi İordaniyada qəribə fenomen yaşanılır – qızlar bütün fənlərdə və bütün yaş kateqoriyalarında oğlanları üstələyir.

Ölkənin ən iri təhsil ocağı olan İordaniya Universitetində qadınların sayı kişilərdən ikiqat çoxdur. Onlar riyaziyyat və mühəndislik sahələrində kişilərdən daha yüksək qiymətlər alırlar.

Körfəz ölkələrində isə, təhsil sahəsində vəziyyət tam başqadır. Körfəz ölkələrinə dəfələrlə səfər edən, müxtəlif təhsil müəssisələrində müşahidələr aparan amerikalı jurnalist Amanda Ripley öz araşdırmasında qeyd edir: "İndi ərəb dünyasında faiz nisbətində ABŞ-da olduğundan daha çox qadın elmi sahələrdə dərəcələr alır. Təkcə Səudiyyə Ərəbistanında bütün elmi dərəcələrin yarısı qadınların payına düşür".

 Oman, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri təhsilin inkişafına böyük önəm verirlər. XX əsrin ikinci yarısından əldə etdiyi sosial-iqtisadi uğurlarla bütün dünyanı təəccübləndirən Birləşmiş Ərəb Əmirlikləri təhsil sektorunda da kifayət qədər nailiyyətlər qazanıb.

Ölkədə neft yataqlarının işlənilməsinə başlandıqdan sonra, mərhum prezident Şeyx Zayed əl-Nəhiyənin rəhbərliyi ilə ən prioritet sahələrdən biri kimi təhsilin inkişafına olduqca böyük diqqət yetirilir. Mərhum prezident hər ay müxtəlif universitetlərdə təhsil alan yerli tələbələrlə görüşür, problemləri ilə maraqlanır, təhsildə fərqlənənlərə pul mükafatları, bahalı hədiyyələr verir, təhsilini xaricdə davam etdirmək istəyənlərə yaxından köməklik göstərirdi. Bu ənənə bu günümüzdə də BƏƏ-nin hökumət rəsmiləri tərəfindən davam etdirilir. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ  hökuməti ümumi xərclərin 35%-ni təhsilə sərf edir. Təhsilin inkişaf mexanizmini sürətləndirmək səbəbi ilə hər il büdcədən böyük məbləğlərdə əlavə vəsaitlər ayrılır. Ölkədə təhsilin bütün pillələrində yeni təşəbbüslər dəstəklənir və müvafiq islahatlar həyata keçirilir. Bunlardan biri də "K-12" proqramlarının tətbiq edilməsidir. Bu proqramın əsas məqsədi orta məktəb məzunlarının dünya universitetlərində oxumasına tam hazırlıqlı olmasını və qlobal əmək bazarında rəqabət apara bilməsini təmin etməkdir. “Mədəris hokumiyyə” (dövlət məktəbləri) hökumətin ayırdığı vəsait hesabına maliyyələşir. Şagirdlər üçün məktəbli formaları, kitablar, zəruri avadanlıqlar, əlavə vəsaitlər, nəqliyyat vasitəsi ilə təminat Təhsil Nazirliyi tərəfindən ödənilir. Məktəblərdə humanitar fənlər ərəb, texniki fənlər isə, ingilis dilində tədris olunur. BƏƏ-də hal-hazırda otuza yaxın beynəlxalq səviyyəli məşhur universitetlərin filialları fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrinin bəziləri xüsusi təhsil zonalarında – Dubay Bilik Kəndi, Əbu-Dabi Ali Təhsil Kampusları və Dubay Beynəlxalq Akademik Şəhərciyində yerləşirlər. Xüsusi təhsil zonası olan Dubay Bilik Kəndində beynəlxalq səviyyədə tanınmış universitetlər, təlim mərkəzləri, elektron təlim və tədqiqat şirkətləri bir arada cəmləşib və  hal-hazırda bu məkanda 25 beynəlxalq səviyyəli ali təhsil müəssisəsi fəaliyyət göstərir. Buraya Sankt-Peterburq  Dövlət Universiteti, Mühəndislik və İqtisadiyyat Universiteti, Avstraliya Wollongong Universiteti, Mahatma Qandi Universiteti, Mançester Biznes Məktəbi və digər xarici ali təhsil müəssisələrinin filialları daxildir. Elmi tədqiqatlara gəlincə, BƏƏ-də elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsinə də məxsusi diqqət göstərilir. Təcili Kompüter Yardımı üzrə Tədqiqat Mərkəzinin, Masdar Elm və Texnologiya İnstitutunun səmərəli fəaliyyətinin təşkilini buna nümunə kimi göstərmək olar. Paytaxt Əbu-Dabidə fəaliyyət göstərə Masdar Elm və Texnologiya İnstitutu Orta Şərqin ilk elmi-tədqiqat yönümlü universiteti hesab edilir. Bu universitetin yaradılmasının əsas məqsədi dünyada təbii yanacaqdan asılılığın azaldılması problemi ilə məşğul olan gənc kadrlar və tədqiqatçılar hazırlamaqdır. Tədqiqat və təlim müəssisəsi olan Dubay İdarəçilik Akademiyası da elmi-tədqiqatlara geniş yer verir, müvafiq sahədə yüksək səviyyəli mütəxəssislər yetişdirir. Ümumiyyətlə, istər Azərbaycanda, istərsə də digər Şərq ölkələrində vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi kimi təhsil sahəsinə məxsusi diqqət yetirilməli, maddi-texniki baza möhkəmləndirilməli, müəllim əməyi yüksək səviyyədə qiymətləndirilməli, elmin inkişafı, müasir standartlara cavab verməsi baxımından çox böyük tədbirlər həyata keçirilməli, elmi tədqiqatlara iri məbləğlərdə maliyyələr ayrılmalıdır. İnsan İnkişaf İndeksininin üç amili arasında təhsil yeganə faktordur ki, digər iki amilə – orta ömür uzunluğuna və adambaşı gəlirə birbaşa sirayət edir. Savadlı əhaliyə malik olmayan ölkənin yüksək insan indeksi ola bilməz. Bu baxımdan, təhsil sisteminin incəliklərinə diqqət ayırmayan, onun problemlərini müəyyən edə bilməyən, onları həll etməkdən yayınan, müəllim və şagirdlərinin qayğısına qalmayan cəmiyyətin ciddi sosial-siyasi sınaqlarla üzləşməsi, başqa millətlərdən geri qalması gözləniləndir. 

-Ümumiyyətlə, qürbətdən baxanda Azərbaycan elmi necə görünür?

-Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən, antik dövrlərdən xəbər verən tarixə, zəngin  mədəni irsə malik Azərbaycan əsrlər boyu  Şərqin ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olub. Azərbaycan alimləri əsrlər boyu antik dünya elmi irsinin müasir Avropaya çatdırılmasında yaxından iştirak edərək, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr vermiş, elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərmişlər. Fövqəl kəşflərin, ilklərə imza atan ixtiraların, dərin elmi məzmunlu və sanballı əsərlərin müəllifləri olan Nəsrəddin Tusi, Bəhmənyar, Bakuvi, Ağ Şəmsəddin, Mir Mövsüm Nəvvab, Qütbəddin Şirazi, Qətran Təbrizi, Əkmələddin Naxçivani, Yəhya Təbrizi, Fəthullah Şirvani kimi dahi şəxsiyyətlərimizin adları nəinki Şərq, eləcə də dünya elm tarixinə qızıl hərflərlə yazılıb. Ötən əsrdə yaşayıb-yaratmış və Azərbaycan elminə misilsiz töhfələr bəxş etmiş  Yusif Məmmədəliyev, Kərim Kərimov, Zahid Xəlilov, Aida İmanquliyeva, Azad Mirzəcanzadə və s. alimlərimizin zəngin elmi irsləri bu gün də aktualdır və elm adamları tərəfindən tədqiq olunur. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan elmi bir sıra çətinliklərlə üzləsşə də, lakin son illər mövcud problemlər artıq öz həllini tapır. Bir sözlə, qürbətdən baxanda müasir Azərbaycan elmi və eləcə də, elmə xidmət edən alimlərin fəaliyyətləri qənaətbəxş hesab oluna bilər.

Dərs dediyiniz auditoriyalarda müxtəlif ölkələrdən tələbələr olur. Azərbaycan haqqında düşüncələri necədir? Ölkəmiz barəsində nələri bilirlər?

-Dərs dediyim tələbələr, eləcə də, çalışdığım ali təhsil ocaqlarında müəllim-professor heyəti Azərbaycandan olduğumu bilərkən təəccüb və rəğbət hissi ilə qarşılayır, ölkəmizlə maraqlanırlar. Qədim tariximiz, mədəniyyətimiz, füsunkar təbiətimiz, maddi-mədəniyyət abidələrimiz, ləziz mətbəximiz ilə bağlı məlumat verdiyim zaman tələbələrim sanki, xəyali olaraq ölkəmizə səfər edirlər. Hər il 28 may Cümhuriyyət Günü ərəfəsində dərs dediyim tələbələr arasında "Mən Azərbaycan haqqında nə bilirəm" mövzusunda inşa yazı müsabiqəsi keçirirəm. Yazı müsabiqəsində fərqlənən  tələbələrə müxtəlif hədiyyələr: Azərbaycandan gətirdiyim və milli atributlarımızı özündə əks etdirən suvenirlər, ölkəmizlə bağlı ərəb, ingilis dilində kitablar təqdim olunur. Zəngin və qədim tarixi keçmişi olan Azərbaycan ədəbiyyatının təbliği sahəsində də universitet xətti ilə müxtəlif tədbirlər təşkil edirəm. Şərqin ədəbi-fəlsəfi  sənət məbədinin  fövqəl-düha memarlarından olan və dərin məzmunlu poetik əsərləri ilə klassik  Şərq ədəbiyyatına öz möhürlərini vuran dahi mütəfəkkirlərimiz: Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsiminin həyat və yaradıcılıqlarından bəhs edən konfranslar, elmi diskussiyalar ərəb tələbələrin, müəllim-professor heyətinin hədsiz marağına səbəb olur. Qeyd edim ki, uzun illərdir  Qarabağ həqiqətlərinin əsl mahiyyətinin əcnəbi və ərəb tələbələrə, ziyalı kontingentə çatdırılması yolunda bir qarabağlı kimi yorulmadan çalışıram. Əzəli torpağımız olan Qarabağın qədim tarixi, ötən əsrin sonlarında erməni qəsbkarları tərəfindən işğal olunması, Azərbaycanın qan yaddaşının ən kədərli səhifəsi olan Xocalı soyqırımı, mənfur düşmənlərimizin əliyalın, məsum vətəndaşlarımıza qarşı törətdiyi vəhşiliklər barədə çıxışlar edir, münaqişənin gerçək səbəbləri, ağır nəticələri haqqında tarixi, xronoloji faktlarla tələbələrə ətraflı məlumat verirəm. Bundan əlavə, Əbu-Dabi Təhsil Şurasının dəstəyi ilə tələbələrin ölkəmizə səfərlərini, tələbə turlarını təşkil edirəm. Bu səfərlərin təşkilində əsas məqsəd müxtəlif ali təhsil ocaqlarında təhsil alan yerli tələbələri Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, eyni zamanda, onların müxtəlif mövzular üzrə fərdi araşdırmalar aparmalarına şərait yaratmaqdır. Zənnimcə, bu günün tələbələri bir neçə ildən sonra müxtəlif məsul vəzifələrdə çalışacaqlar və Azərbaycanın dostları kimi, ölkəmizə öz dəstəklərini əsirgəməyəcəklər. 

-Hər dəfə Vətənə səfər etdikcə, onun elmi potensialı barəsində fikirləriniz nə dərəcədə dəyişir?

-Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabatlarına əsasən Azərbaycanın elmi potensialında müəyyən qədər inkişaf nəzərə çarpır. Bu inkişafın əsas səbəbi ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən son illərdə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir çox sərəncam və fərmanların imzalanması, dövlət proqramlarının təsdiq edilməsi və 2016-cı ildə ölkədə "Elm haqqında" qanunun qəbul olunmasıdır. Lakin bütün görülən işlərə baxmayaraq, həll edilməsi vacib olan problemlər hələ də qalmaqdadır. Elmin davamlı və sistemli inkişafının təmin edilməsi, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi, elm, təhsil, iqtisadiyyat və cəmiyyətin qarşılıqlı münasibətlərində bağlılığın və vəhdətin təmin edilməsi, ölkə üzrə elmi məktəblərin yaradılması, qorunması və inkişafının stimullaşdırılması, elmi araşdırmaların, o cümlədən fundamental və tətbiqi tədqiqatların əsas istiqamətlərinin müəyyən edilməsi və inkişaf mexanizmləri, elm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi  Azərbaycan Respublikasının elmi-texniki siyasətinin dünya elmi məkanlarda layiqincə təmsil olunması və təbliğ edilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, müxtəlif elm sahələrdə çalışan və elmi fəaliyyətlə məşğul olan elmi işçilərin maddi rifahının və sosial təminatının yüksəldilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılmasını təmin etmək  ən vacib məsələlərdəndir.  

 

-Bəs təhsilimiz haqqında nə deyə bilərsiniz? Elmlə təhsilin inteqrasiyası cəmiyyətin inkişafına necə təsir göstərir?

-Ölkəmizdə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayının ildən-ilə artması təhsilimizin uğurlarından xəbər verir. Şəxsi müşahidələrim onu deməyə əsas verir ki, şagird və tələbələr yaxşı təhsil almaq üçün bütün imkanlardan səmərəli istifadə etməyə səy göstərirlər. Bu baxımdan təhsil müəssisələrində şagirdlərə, tələbələrə öz qabiliyyət və istedadlarını inkişaf etdirməyə, ölkənin gələcəyi naminə savadlı məzun olmalarına davamlı şəkildə şərait yaradılmalıdır. Elmlə təhsilin inteqrasiyası məsələsinə gəlincə, sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir dövrdə elm və təhsilin üzvi surətdə vəhdəti  ölkə iqtisadiyyatının  inkişafına təkan verməklə yanaşı,  insan kapitalının formalaşmasını və cəmiyyətin parlaq gələcəyini təmin edir. Bəllidir ki, elm, təhsil fenomeni öz strateji əhəmiyyətinə görə dünyanın yeni inkişaf trendlərini, tərəqqinin konseptual əsaslarını müəyyən edir. Bu mənada, qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq, elmi sahələrdə davamlı islahatlarla nizamlı inkişafa malik olmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdəndir. Ümumilikdə, elmlə  təhsilin inteqrasiyası cəmiyyətin nicatı, tərəqqisi və rifahının rəhni olmaqla bərabər, digər sahələrin inkişafına da mühüm töhfələr verir.

-Hazırda tədris etdiyiniz predmetlərə tələbələrinizin marağı necədir? Onlarla diskussiyalar zamanı gəldiyiniz nəticələr nələrdir?

-"Tələbələrinə elm arzusu aşılamayan bir müəllim soyuq dəmiri döyən dəmirçi kimidir" – amerikalı təhsil eksperti Horas Mannın bu fikirində çox böyük həqiqət var. Ali təhsil auditoriyasında dərs deyən müəllim tələbələrə tədris etdiyi fənnin yüksək səviyyədə mənimsədilməsinə bilavasitə məsuldur. Məhz bu səbəbdən ali məktəb müəllimi öz ixtisasını mükəmməl bilməklə yanaşı, onun mənimsədilməsi mexanizmini də peşə qabiliyyətinə çevirməyi bacarmalıdır. Müəllim ilk növbədə, öz tələbələrinə qarşı səmimi, mehriban, dost münasibətində olmalıdır. Çünki, tələbələri ilə daima səmimi davranan, dost olan, onların sevgisini qazanan müəllimin dərsləri maraqlı və səmərəli keçir. Qeyd edim ki, yerli tələbə qızlara dərs dediyim üçün ilk gündən qızlarla ünsiyyətimiz uğurlu alınır. Onlarla qarşılıqlı anlaşmalarımız, dostluq münasibətlərimiz tədris ili boyunca mükəmməl məcrada davam edir. Universitet müəllimi olaraq, hər bir dərsə, istənilən mövzuya yaradıcı əsər kimi yanaşıram. Keçiləcək dərslərin icmalını yazır, mövzu ilə bağlı müxtəlif mənbələrdən əlavə materiallar hazırlayır, ümumi və fərdi tapşırıqları müəyyənləşdirir, tələbələrlə fikir mübadilələri aparır, bir sözlə, ətraflı müzakirəyə şərait yaradıram. Zənnimcə, fikir mübadiləsi nə qədər çox olarsa, tələbələrə təsirinin daha faydalı olma ehtimalı bir o qədər yüksək olur. Dərslər zamanı verilən mövzulara tələbələrimin marağını cəlb etmək üçün mövzu ətrafında istiqamətləndirici suallar verir, təmkinlə cavabları dinləyirəm. Diskussiyalarda da mövzular müəllim tərəfindən müfəssəl izah olunmalı, tələbələrə tam sərbəstlik verilməli, onlar çəkinmədən öz fikirlərini ifadə etməlidirlər. Diskussiyaların maraqlı keçməsi üçün tələbələrlə elmi, tarixi, ictimai, siyasi mövzularda müzakirələr edir, tədqiqat predmetlərini bərabər araşdırırıq. 

- Mərhum atanız da alim olub. Mümkünsə, onun barəsində də danışardınız...

-Atam Tofiq Süleyman – ömrünü elmə həsr etmiş kimyaçı alim, kimya üzrə elmlər doktoru, professor, 15-dən çox elmi ixtiranın, 5 monaqrafiyanın, xeyli sayda elmi-metodiki kitabların, məqalələrin, dərs vəsaitlərinin müəllifi olub. O, Qarabağın səfalı guşələrindən olan Cəbrayıl rayon Karxulu kəndində anadan olub orta təhsilini Böyük Mərcanlı kənd orta məktəbində alıb. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) kimya fakültəsinə qəbul olunub. Tələbəlik illərində təhsil aldığı universitetin ictimai-mədəni həyatında fəal iştirak edib, müəllim-professor heyətinin hörmətini qazanıb. Ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra institutun komsomol katibinin birinci müavini vəzifəsində çalışıb. Lakin kimya elminə olan maraq onu Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna gətirir və burada kiçik elmi işçi vəzifəsində fəaliyyətə başlayır. Həmin institutda "Yüksək molekullu polimerlər kimyası" üzrə aspiranturaya daxil olur, 1979-cu ildə Leninqrad EA (indiki Sank-Peterburq) Yüksək molekullu Polimerlər İnstitutunun professoru İ.S.Lisanskiyin elmi rəhbərliyi altında dissertasiya müdafiə edir və kimya elmləri namizədi alimlik dərəcəsi alır. Qeyd edim ki, atam doktorluq dissertasiyasını da Rusiyada müdafiə edib. Onun elmi işi  "Pirolizin səmərələşdirilmiş şəraitində aşağı molekullu doymamış, aromatik karbohidrogenlərin alınması" mövzusunda idi. O, uzun illər tədqiqatçı-alim kimi Azərbaycan Elmlər Akademiyası Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Fotoelektronika İnstitutu və Ali Hərbi Akademiyada müxtəlif vəzifələrdə çalışıb. Atam Tofiq Süleymanın elmi-tədqiqat işləri müasir texnikanın müxtəlif sahələrində, cihazqayırma, hərbi sənayedə, xüsusilə hərbi texnikada fotoqəbuledici cihazların istehsalında tətbiq edilib, 15-dən çox elmi ixtirasına müəlliflik şəhadətnaməsi verilib. 1995-ci ildə kimya üzrə professor elmı adını alıb və Elmi Şuranın üzvi olan atamın 100-dən çox elmi-metodiki məqalələri respublikamızın və xarici ölkələrin elmi jurnallarında dərc olunub. O, 5 elmi monaqrafiyanın və eləcə də "Kursantlar üçün dərs vəsaiti", "Azərbaycan-Türkiyə türkcəsində hərbi dəniz sözlüyü", "Hərbi Ekologiyanın müasir tələbləri", "Qarabağda ekoloji terror", "Kütləvi qırğın silahlarına qarşı mühazirə tədbirləri", "Hərbi məktəblərdə Ekologiyanın tədrisi üzrə metodik göstəriş" və s. kitabların müəllifi idi. Atam eyni zamanda bir neçə xarici dili mükəmməl səviyyədə bilirdi.   Mən təhsildə, elmdə, həyatda qazandığım bütün uğurlarıma görə atama borcluyam. Dünyaya göz açandan alim atanın sevimli övladı olmağım, meqapolis Bakının elmi, ədəbi mühiti, qonaq-qaralı evimizin əziz müsafirləri olan məşhur alimlərin müdrik və elmi söhbətləri mənim həyata baxışımın, düşüncə tərzimin formalaşmasında mühüm rol oynayıb. Elm, təhsil sahəsində qazandığım hər bir uğura atam uşaq kimi sevinir, fərəhdən gözləri yaşarırdı. O, mənim həyat amalım, nuru ilə dünyamı nurlandıran məsləhətçim, sirlərimi bölüşdüyüm ən yaxın dostum, qəlb sirdaşım idi...

-Nə zamansa Vətənə qayıdıb, elmi fəaliyyətinizi burada davam etdirmək istəyiniz varmı?

-Ərəblərdə belə bir deyim var: "Qəribin özü qürbətdə olsa da, qəlbi və gözü Vətəndə qalır." Həqiqətən, qürbətdə yaşayan, qəlbi aşiqi-vətən sevgisi ilə döyünən və öz elinə, obasına bağlı olan insanın içındə kəlmələrlə ifadə olunmayacaq  Vətən nisgili, yurd həsrəti olur. Hara getsəm də, harda olsam da xəzrisi, gilavarı ilə ruhuma sığal çəkən doğma şəhərim, badi-səbanın həzin titrəyişindən ilham alan mavi Xəzərim üçün qəribsəyirəm. Qoynunda dünyaya göz açdığım, ilk kövrək addımlarımı atdığım, suyunu içib, nemətini daddığım, acısı ilə kədərlənib, sevinci ilə qanadlanıb uçduğum, sevgisindən doymadığım Vətənimdən sərfəli iş təklifi gələrsə, məmnunluq hissi ilə dəyərləndirə bilərəm.

-Sonda Azərbaycan alimlərinə arzularınız.

-Məşhur fransız maarifçi-filosofu Volter hələ XVIII əsrdə alimlərlə bağlı dünyaya çağırış edirdi: "Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər." Kimya üzrə Nobel mükafatçısı, misirli alim Əhməd Zevayl isə, alimlərlə bağlı öz çıxışlarında qətiyyətlə vurğulayırdı: "Elmi-tədqiqat sahəsində çalışan tədqiqatçı alimlərə daima diqqət və qayğı göstərilməli, elmi sahələrdə çalışanların əmək haqqları yüksək olmalı, onlar üçün hər bir şərait yaradılmalıdır. Alimin  elmdən, tədqiqat işlərindən başqa problemləri olmamalıdır və dövlət elm əhlinə, həqiqi alimlərinə sahib çıxmalıdır!" Məhz bu nöqteyi-nəzərdən Azərbaycanlı alimlərin də qarşılaşdıqları problemləri, həll olunası müşkül məsələləri yetərincədir. Ümidvaram ki,  alimlərimizin bütün problemləri məsul qurumlar tərəfindən nəzarətə götürüləcək və onlara lazımi köməkliklər göstəriləcək. Azərbaycanlı alimlərə qürbət eldən ən xoş arzularımı çatdırıram. Müxtəlif elm sahələrində elmi nəticələrə nail olmaq uğrunda yorulmadan çalışan, Azərbaycan elminin inkişafında fədakarlıq  göstərən, əziyyətlər çəkən alimlərimizə firəvan həyat, fərəhli günlər və elmi fəaliyyətlərində uğurlar diləyirəm.   

Sonluq üçün...

Əziz oxucu, müsahibəni sonadək oxudunuzsa, deməli, siz bu səyahəti uğurla başa vurdunuz... Yarı yolda qalanlar da oldu, gələn kimi geri qayıdanlar da... Amma biz məhz sizinlə bu səyahəti birlikdə başa vurduq... İndisə sualım Şəhrizad xanıma deyil, sizədir:

-Şərq ruhunun müdriklik qatı ilə görüşüb, cazibədarlığında itmək üçün çoxmu darıxmışdınız? 

-...  ...   ....   

Elmin Nuri

azedu.az

 

 

 

 

 

 

 

 

 


Etiket:
Xəbərlər

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019

“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

01.10.2019

FƏTƏLİ XAN XOYSKİNİN İNGİLİS GENERALINA DEDİKLƏRİ

30.09.2019

İrəvan şəhəri

28.09.2019

Haylar necə erməni oldu?

27.09.2019

Türklərin inanc tarixi: “uçmaq”, “tin”, “Tanrının oğlu”... – I YAZI

27.09.2019

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"

26.09.2019

Basarkeçər
(Basatkeçən)

25.09.2019

Çarli Çaplini niyə ABŞ-dan qovmuşdular və onu niyə kommunist casusu adlandırırdılar

24.09.2019

Heydər Əliyevin anası haqda maraqlı XATİRƏLƏR

24.09.2019

“Ülvimə bir məktub yazdım” kitabı çap olunub

23.09.2019

ADAM YAŞAMAQDAN QORXUR

23.09.2019

"Bir alman - möhtəşəm insan, iki alman - ittifaq, üç alman - müharibə deməkdir!"

20.09.2019

Goyce.az saytı Rüstəm Dastanoğlu ilə müsahibəni təqdim edir.

20.09.2019

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri  

20.09.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən

19.09.2019

Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

18.09.2019

Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

18.09.2019

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı

18.09.2019

İşğal altında olan torpaqlarda 330 yerli əhəmiyyətli abidə dağıdılıb

17.09.2019

NİL ADAM

16.09.2019

Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında

14.09.2019

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

14.09.2019

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

13.09.2019

Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

12.09.2019

Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12.09.2019

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

11.09.2019

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

11.09.2019

M.Ə.Rəsulzadənin və N.Nərimanovun İmam Hüseyn haqqında fikirləri - Layihə
 

10.09.2019

Kərbəla nədir?

10.09.2019
Bütün xəbərlər