Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

12:39 / 07.10.2019
Baxılıb: 862

Son vaxtlar aldığım çoxsaylı suallar təsəvvüf və sufiliklə bağlı oldu. Bu suallar məni həmin mövzuda məqalə yazmağa sövq etdi. Baxmayaraq ki, sufilik və təsəvvüf haqqında əsərlərimdə geniş bilgi vermişəm.

“Eşq dənizləri qovuşanda” dərvişnaməsində təsəvvüfdən kifayət qədər geniş söz açmış, Şəms Təbrizi ilə Mövlana Cəlaləddin Ruminin fonunda fikrimi bildirmişəm. “9-cu meydan” povestində, eləcə də, hələlik “Türküstan” qəzetində hissə-hissə dərc olunan “Yasəmən ətri” romanında da bu mövzu ümumi məqsədimdən kənarda qalmayıb. Amma görünür, internet əsri oxucuları onları düşündürən suallara qısa və konkret cavab almağa öyrəncəkli edib, kitab oxumaq hardasa arxa plana keçib. Qeyd edim ki, bəhs etdiyimiz mövzuda aldığım suallar əsasən bunlar olub: Təsəvvüf nədir? Sufilik nədir? Vəhdəti-vücud nədir? Son haradır?

Mistika ilə təsəvvüfün fərqi

Əvvəlcə qeyd edim ki, təsəvvüf – batini elmlərlə Allahı dərk etmədir, onun biliciləri isə sufilərdir. Bəzən təsəvvüfü mistisizm ilə qarışdırırlar. Bu iki ifadənin oxşar cəhətləri olsa da, bir-birindən fərqlidirlər. Çünki yunan sözü olan “mistika” gizli, anlaşılmaz, mücərrəd, heç kimsənin başa düşmədiyi, mənəvi, xəyali, gözü və dodaqları yummaqla düşünmək və s. busayaq anlamlara gəlir. Məna baxımından platonizm idealist fəlsəfəsinə çox yaxındır. Məsələn, Allah var və biz onu sevirik. Bu, platonik sevgidir, xəyali sevgidir, mistikada bunun heç bir izahı verilmir, bir növ aksioma kimi səslənir. Təsəvvüf isə Allahın varlığını batini elmlərlə izah edir, kəsrətdən (çoxluqdan) xilas olub, Allahla vəhdətdə olmağı ağıl və elm yolu ilə deyil, gizliliklərə işıq salan könül və eşq yolu ilə mümkün sayır. Birsözlə, sufilik insanlara İlahi eşq vasitəsilə Allahı dərk etməyi və Ona qovuşmağı təlqin edir. Bu mənada Cüneyd Bağdadinin hər şeyi Allahda görməsi, Bəyazid Bəstaminin fəna nəzəriyyəsi sufiliyin əsas xətlərindən birinə çevrildi. Həmin nəzəriyyə maddi dünyanın fani olduğunu və buna görə də insanlara fərdiyyətdən çıxıb Allaha qovuşmağın vacib olduğunu öyrədirdi.

Bundan sonra daha bir möhtəşəm fikir ilahiyyatçı alim Məhəmməd Qəzzalidən gəldi. O, həqiqətin dərk edilməsində doğuşdan gəlmə istedadı, yəni helmi ilkin şərt kimi qəbul edərək, sufiliklə ilahiyyat elminin birlikdə meydana gətirdiyi ümumi nəticəni göstərməyə nail oldu. M.Qəzzaliyə görə, yalnız helmlə elm birləşdiyi təqdirdə həqiqət dərk oluna bilər. İlahiyyatçı alimin bu fikri mistika ilə təsəvvüfün fərqini birbaşa, açıq şəkildə ortaya qoydu.

Allahın dərk edilməsində növbəti mükəmməl fikir isə Əndəluslu Mühyiddin İbn Ərəbiyə məxsusdur. O, vəhdəti-vücud hikmətinin əsaslarını yenidən işlədi. Mühyiddin İbn Ərəbi İslam sufiliyini xristian ruhani düşüncəsindən köklü surətdə ayırmağı bacardı. Belə ki, xristian ruhani təliminin açıqlamasında Allah təbiətlə eyniləşdirilir, yaxud da bu təlim cismani dünyada bütün canlı və cansız yaradılmışların vəhdətini Yaradanın özü hesab edirdi. Mühyiddin İbn Ərəbiyə görə isə yaranmışların hamısı Yaradanın kölgəsindən başqa bir şey deyildir.

Bütünlüklə bu gəlişmələrin kökündə dayanan təbii ki, təsəvvüfdür. Şəms Təbriziyə görə, təsəvvüf – sıxıntı zamanı könüldə nəşə və fərəh tapmaqdır. Təsəvvüf – insanların yox, Allahın razılığını qazanmaq, pis xüsusiyyətləri tərk edib, nəfsani olan şeylərdən uzaqlaşmaqdır. Təsəvvüf – ruhun yüksəlişinə səbəb olan xüsusiyyətlər qazanmağa səy göstərmək, həqiqi elmlərə sarılmaq, həmişə ən uyğun şəkildə hərəkət etmək, hər kəsə nəsihət verməkdir. Təsəvvüf – Allah təalaya verilən əhdə sadiq qalmaq, Məhəmməd səllallahu əleyhi və səlləmin dininə gəlməkdir. Zahiri elm – öz həddini bilmək, təsəvvüf (batini elm) – qəlbi təmizləməkdir. Təsəvvüfün öyrədilməsində məqsəd, insanın özünə qayıtmasını, özünün əsl yerini tapmasını təmin etməkdir. Təsəvvüf bir elmdir, bir hikmətdir. Yalnız hikmətə sarılan kişinin ağlı ağılla anlaşıla bilən şeylərə bağlıdır. Amma pak kişi, təsəvvüfçü ağlın ağlını, yəni ağıl külliyyatını hərəkətə gətirə biləndir.

Təsəvvüfdə sufi yoluna düşmək üçün ən birinci qəlbi bütün pisliklərdən təmizləmək, hər cürə dünya həzzindən imtina etmək vacib hesab edilir. Qəlb pisliklərdən arındıqda orada Allah təcəlla edir. Yəni insan batini gözü ilə Allahı görür və ya öyrəşdiyimiz dildə desək, Allahı təsəvvür edir, beynində onun xəyali obrazını yaradır. Bundan sonra qarşıda dörd mərhələ açılır. İnsan ilahi eşq ilə Şəriətə, oradan Təriqətə gedər, bu minvalla Mərifətə çatar və ona Həqiqətin yolunu göstərərlər. Təsəvvüfdə bu dörd məqam təxminən belə mənalandırılır: Şəriət – səninki sənin, mənimki mənim, söyləməklə ədalət prinsipinə dayanır. Təriqət – səninki sənin, mənimki də sənin, düşüncəsi ilə təvazökarlıq nümayiş etdirir. Mərifət – nə mənim var, nə də sənin, ifadəsinə söykənərək hər şeyin Allaha aid olduğunu etiraf edir. Həqiqət – nə sən varsan, nə də mən, deməklə sonuncu məqama çatdığını, Allahda yox olduğunu bildirir, yəni var olan bir Allahdır, biz mövcud olduğumuzda Allahın kölgəsindən başqa bir şey deyilik.

Burada daha bir şeyi qeyd etmək lazımdır. Təsəvvüfdə kainat Allahın aynası hesab edilir və Allahın kainatda olan hər bir şeydə təzahür etdiyi deyilir. Eyni zamanda bu qənaətə gəlmək olur ki, Allah bütün yaratdıqlarında qismən olduğu halda, insanın sifətində mükəmməl, aşiqin könlündə isə tam bütöv surətdə təcəlla edir.

Mərifət məqamı “Fənafillah” kimi də ifadə olunur. Təsəvvüfdə “əvvəlin axırı, axırın əvvəli” kimi şərh edilən Fənafillah – Allah qulunun nəfsinə hakim kəsilməsi və onun bütün pislikləri ürəyindən təmizləməsinə nail ola bilməsidir. Qətl, zina, oğurluq, yalançı şahidlik və kimsəni aldatmaqdan imtina etdinsə, valideynlərinə yüksək səviyyədə hörmət və sayğı göstərdinsə, çatışmayan tək bircə şey qalar. Bu, mal-mülkünü, var-dövlətini Allah yolunda yoxsullara paylamaqdır. Çünki sərvətə güvənənlərin də Allaha qovuşması mümkünsüzdür. Həzrəti İsa buyurur ki, dəvənin iynə ulduzundan keçirdilməsi, zəngin adamın axirətini abad etməsindən daha asandır.

Bütün bunlara nail olan insan Həqiqətə – könlündə Allahın təcəlla etdiyi, Allah nurlarını saçan baqi günəşin bərq vurduğu, Cüneyd Bağdadinin “başlanğıca dönmə” kimi qiymətləndirdiyi Bəqabillah məqamına çatmış olar. Burada Haqq aşiqi artıq Vəhdəti-vücud məqamına qovuşur, vüsalata yetişir, Allahla bütövləşir və ya Allahda yox olur – başlanğıca dönür.

Daim var olma – An-i daim fəlsəfəsi

İnsanları düşündürənlərdən biri də “Vəhdəti-vücud”un anlamı və bunun son məqam olduğu, yoxsa ki, bundan sonra hansısa mərhələnin olub-olmadığı məsələsidir. Ümumiyyətlə, təsəvvüf mütləq ölümü qəbul etmir, ölümün nisbi xarakter daşıdığını deyir. Yəni, Allahda yox olma mərhələsindən sonra “Cəmm” deyilən mərhələ başlayır. Bu, “işıqlı dünya”, yaxud da “fani dünya” dediyimiz həyata yenidən dönüşdür. Bu prosesi adi bir misalla izah etmək istəyirəm. Məsələn, götürək Xəzər dənizini. Bu dənizin özünə məxsus coğrafi mövqeyi, uzunluğu, eni, dərinliyi, suyunun özəl minerallarla zəngin tərkibi, təbii sərvətləri, flora-faunası və s. var. Xəzərin bütün özəlliklərinin dəyişməz olduğunu təsəvvür edib, onu şərti olaraq Allahla müqayisə edək. Bu dənizə parametrləri və suyunun tərkibi ilə bir-birindən fərqlənən Volqa, Kür, Ural və Terek kimi axıb gələn çayları isə müxtəlif təriqət nümayindələri olan “aşiq”lər hesab edək. Bu çayların hər biri Xəzərə qovuşana qədər öz adını və özəl xüsusiyyətlərini, fərqliliklərini qoruyurlar, lakin Xəzərə qovuşduqda orada yox olurlar, artıq onlar Volqa, Kür, Ural, Terek yox, məhz Xəzərə qarışır, Xəzər olurlar. Bu məqamı Vəhdəti-vucudla – Bəqabillah məqamı ilə müqayisə etmək olar. Bu məqamda bu çayların Xəzərə qarışan suyunun hər bir damlası Həllac Mənsur kimi “Xəzər məndədi”, yaxud da “Mən Xəzərdəyəm, Xəzər məndədi”, deyə bilərlər. Yeri gəlmişkən, edamı öncəsi əlləri kəsildikdən sonra qanlı biləkləri ilə dəstəmaz alırmış kimi hərəkətlər edərək, – Haqq aşiqinin daha bir rükət eşq namazı var, onun dəstamazı qulun öz qanıyla alınar, – deyən Həllac Mənsur özünün Bəqabillah məqamına – vüsalata çatdığını “Haqq məndədi” kimi ifadə etmişdi.

Bəs, çaylar Xəzərə qovuşduqdan sonra, yəni müqayisəli şəkildə desək, Vəhdəti-vücuddan sonra nə baş verir? Baxın, Xəzərin suları buxarlanaraq duman şəklində göylərə çəkilir. İnsan da belədir, Allahdan “buxar” şəklində ata bətninə çəkilir. Bu məqama təsəvvüfdə “Cəmm” deyilir. Bundan sonra buxar göydə yağışa çevrilib torpağa yağır, ata bətnindəki “buxar” isə nütfəyə çevrilib ana bətninə yağır. Çünki təsəvvüfdə göyün – ata, yerin – ana olduğu da ifadə olunur. Beləliklə, yağış torpaqda bulaq suyuna çevrilir, ana bətnindəki nütfə isə dünyaya göz açan körpəyə çevrilir. Bulaqlardan axan sular get-gedə böyüyür, lal axan çaya çevrilir, yenidən Xəzərə axır və Xəzərlə bütövləşir. Doğulan uşaq da tədricən böyüyür, müdrikləşir və Allaha doğru yol alır, nəhayət, Allahda yox olur. Sadə həyati misallarla aydınlaşdırmağa çalışdığımız bütün bu fəlsəfi təfərrüat təsəffüfdə “An-i daim” – “Daim var olma” adlanır. Daim var olma – Allahda yox olma və yenidən Allahdan doğuş prosesinin əbədi olaraq təkrarlanması anlamına gəlir. Mövlana Cəlaləddin Rumi “ölüm”ə təsadüfən “Şəbu-ərus (düyün gecəsi)” deməmişdi. O, qeyd edirdi ki, bu dünyadan baxdıqda sizə ölüm kimi görünən bu məqam, Haqq dünyasından baxdıqda doğuş kimi görünəcəkdir.

Elbəyi Cəlaloğlu

06 avqust 2019-cu il


Etiket:
Xəbərlər

Türk dünyasının 2500 illik sirli əlifbası

24.02.2020

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020

Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video

20.02.2020

Qədim türklərdə dövlət məclisləri

20.02.2020

Uyğurlar haqda nə bilirik? - Araşdırma

19.02.2020

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020
Bütün xəbərlər