Rus dili

15:20 / 29.10.2019

Yuxuda gördü ki, anasının qərib məzarı yanında onun da qəbrini mərmərlə döşəyiblər. Ən çox da ona görə odlanırdı ki, bir it ayağını qaldırıb onun sinədaşını murdarlayırdı. Nə illah elədisə, başdaşına yazılmış ölüm tarixi və o murdar it gözünün qabağından getmək bilmədi, – “Ölüm bir addımlıqdadır, nəfəsini duyuram”... –  günortayadək çabalaya-çabalaya qaldı, əli bir işə yatmadı. Tənha ölməkdən qorxurdu...

...Qaçqın düşəndən sonra xeyli müddət iş axtarmışdı, axırda gəlib çıxmışdı Goradil bağlarına. Allah işini rast salmışdı və təsadüfən ayaqları onu gətirmişdi Qəşəm müəllimin qapısına. Darvazanı evin xanımı Mahirə açmışdı onun üzünə. Görünür Qasımın suyu şirin gəlmişdi qadına – qısa söhbətdən sonra məlum olmuşdu ki, həmyerlidirlər. Hələ ortaq tanıdıqları da çıxdı. – Sabahdan yığışın gəlin bizim bağa. Həyətdəki balaca evi sizin üçün ayırarıq. Həm həyət-bacaya baxarsınız, həm də ağaclara qulluq edərsiniz – məsələsi birbaşa həll olunmuşdu. Elə o vaxtdan bağa sığınandır. Qasımın işindən, səliqə-səhmanından çox razıydılar. Yığcam ailəydi Qəşəmin külfəti. Böyük qızları universitetdə oxuyurdu, sonbeşikləri Surxay isə Allahın bəlasıydı. Bir şey ağlına batdısa, dünya-aləm yığışsın, fikrindən dönməzi. – Civədi, civə! – Qəşəm müəllim oğlu haqqında belə deyirdi. Amma nadinc olduğu qədər də şirin uşaq idi. Surxayın bağda pişiyi vardı, amma təzəlikcə ölmüşdü. İndi də atasının saqqızını oğurlamağa çalışırdı ki, bağa haski cinsindən bir it aldırsın, – İt almasan dərs oxuyan deyiləm! – atasıyla rəsmən öcəşirdi.

Qəşəmgil adətən həftənin şənbə-bazar günləri gələrdilər bağda qalmağa. O gün isə Qurban bayramı idi, ailə gələ bilərdi. Qasım isə baytar dükanına gedəsiydi – toyuqlardan bir-ikisi qanadlarını sallamışdı. Günortaüstü Qəşəmin maşını hasarın çölündə dayananda Qasım qızılgülləri sulayırdı. Darvaza açılanda çöndü ki, budu, boz it dilini çıxarıb ləhləyə-ləhləyə girdi içəri. İt onu görən kimi yoğun səslə elə hürdü ki, Qasımın ödü ağzına gəldi. Yuxusundakı itə oxşamasa da, başdaşındakı ölüm tarixi gözündə partladı, çöməldiyi yerdə baldırı qıc oldu. Dünyada ilandan, bir də itdən qorxduğu kimi heç nədən qorxmurdu. Sonra itin xaltası, daha sonra isə xaltadan yapışmış Surxay girdi həyətə. Qəşəm müəllimi, Mahirəni görəndən sonra azca özünə gəldi. Surxay itin xaltasını açıb buraxdı həyətə. İt birbaşa ona sarı götürüləndə Qasım beli qapdı, – Qara vurğun təpəndən çalsın, neynədiyindi!? – itə qıcandı, Surxaydan imdad dilədi. Amma quruca salam verib otağa keçmişdi hamısı... İt ondan çəkindi, əvəzində, toyuqlara təpilib pərən-pərən saldı. Qanadısallaq toyuqlar da güllə kimi qaçırdı qorxusundan. Haski zorbalığını toyuqlara göstərəndən sonra həyət-bacanı hərlənib künc-bucağı sidiyi ilə manşırladı, sonra da gəlib çöməldi düz Qasımın yanında, gözlərini ona zilləyib ləhləyirdi. “Nə zibilə düşdük!”... – gözü Mahirəni axtarırdı ki, bəlkə onun ağlına gələ iti dartıb bir yerə bağlamaq...

Qəşəm oğluyla manqal qalayırdı, Mahirə qızıyla mətbəxtdə qurcalanırdı.  Qasım isə can həşirindəydi. Ha çalışırdı ki, iti vecə almasın, amma yenə də bir gözü onda qalmışdı. İtdən qorxduğunu dilə gətirməyə isə utanırdı... Bir azdan Mahirə əlində qazan eşikdə göründü. Qapağı açanda Qasım gördü ki, ət soyutmasıdır gətirdiyi. Soyutmanı cunada süzüb ətləri iri buluda çəkdi və itin qabağına qoydu, – Suyundan da axşama sizə borş bişirərəm. Haskiyə çiy ət, kabab, sür-sümük yemək olmaz... İt tikələri loppultuyla udduqca Qasıma çəpəki baxıb mırıldanırdı. “Zavallı pişik, yaxşı ki, vaxtında ölüb canını qurtarmısan”... – hasarın dibində büzüşmüş xəstə toyuğa yazığı gəldi...

 İtin qarnı doymuş, kefi kökəlmişdi. Surxayın sinəsinə tullanır, əl-ayağına dolaşır, onunla oynamaq istəyirdi. Surxay balaca rezin topu atıb, – Haski, поймать[1]! – itə əmr verir, haski isə qarağat kollarının arasından topu tapıb gətirdi. “Haski, cидеть[2]!” – it adam kimi dil bilirdi, dərhal çöməltmə otururdu. “Haski, прыгай[3]!” – it alçaq məhəccərin üstündən attandı. İtin bu hoqqabazlığı Qasıma da maraqlı gəldi. Ehtiyatla Qəşəm müəllimə yaxınlaşdı, – Bərəkallah, nə ağıllı itdir... Bağda qalacaq? – qızara-qızara soruşdu.

– Əlbəttə, bina evində bunu saxlaya bilmərik. Çox ağıllı itdir, – duzlu suyu alovlanan şişliyə səpələyirdi, – yeddi yüz manat pul vermişəm buna, iki yüz də təliminə saymışam.

– Bəs niyə bunu rusca öyrətmisiniz, öz dilimizdə öyrətmək olmazdımı? – Qasımın gözü itdə, qulaqları isə Qəşəmdəydi.

Qəşəm heyrətlə qarovulçunun üzünə baxdı, – Qasım kişi, sən rusca bilmirsən!?

– Yo-ox...

– Heç nə bilmirsən?

– Bir-iki söz... Bilirəm ki, itə “sabaka” deyirlər... – sözü ağzında qurtarmamış Qəşəm elə güldü ki, yazıq Qasım dilbilməzliyindən xəcalət çəkdi.

– Hə.., onda işlər çox fırıqdır, qoca, vəziyyət də ruscan! Əlqərəz, ya gərək təzədən xərc çəkib haskini azərbaycanca öyrədək, ya da gərək sən rusca öyrənəsən... Ərinin şaqqanağına qızlar da eyvana çıxmışdı, – Nəyə gülürsən, nolub? – Mahirə də gülürdü.

– Qasım kişi rusca bilmirmiş. Haskiylə necə yola gedəcəklər? – qarnını qucaqlamışdı. – Rusca öyrənməyə neçə gün bəsindir, kəndçim? – kişini məsxərəyə qoymuşdu. Köntöy adam idi, şit zarafatları vardı Qəşəmin. Hələ ilk tanış olduğu günlər idi, arvadına Qasımın yanındaca demişdi ki, – Prezidentin sərəncamı var, qaçqınları məskunlaşdığı yerlərdən heç kim çıxara bilməz. Qorx ki, bir gün yerlin bağımıza sahib çıxsın... Cavabını verməmişdi, qürurunu içində boğmuşdu. O gün-bu gün, Qəşəmdən gen qaçırdı ki, sözləri çəp gəlməsin. Qəşəmin tikanlı sözləri olmasaydı dolanışıq üçün Qasıma burdan rahat yer yox idi. Hətta bir dəfə küsüb getmişdi bağdan. Qonşu bağın gözətçisi Hüsü onun başına ağıl qoymasaydı qayıtmayacaqdı,  – Uşaq kimi xətriyaxınsan, di gəl ki, qatır kimi də tərs! Hər çəp sözdən qəlbin qaralır ki, guya daha sənə ehtiyacları yoxdur. Az huyduxlan, kişi. Məndən sənə nəsihət, şəhərdə qayğısız yaşamağın bir yolu var – arsızlıq, arsızlıq, imkanın daxilində ancaq arsızlıq, vəssalam! Çalış arsız ol. Ləyaqətimiz, şərəfimiz, elin töhməti o dağ-dərələrdə qaldı, qardaş! Gəmidə oturub gəmiçiylə dalaşmaq bizə yaraşmaz. Burda gərək adam siyahısında adın olsun ki, səni də saya salsınlar. Qayıt get işinə və Allaha dua elə hər verdiyi gün üçün. Başını aşağı sal, qulaqlarını qapa, işini gör...

Amma bu həna o hənadan deyildi. Göz görə-görə Qəşəm də, Mahirə də iti ondan fərasətli və ağıllı sayırdılar. Bu, Qasımın beş illik sədaqətli qulluğuna qarşı bağışlanmaz xəyanət idi. Qüruru qırılmışdı Qasımın, özünə nifrət edirdi. Nə qədər bədbəxt və fərsiz olduğunu düşünürdü. Bilmədiklərinin nə qədər çox olduğunu öyrəndikcə gücsüzlüyünü görürdü, cılızlığından qorxurdu. Dünyanın həqiqətlərinə görmək istədiyi kimi yox, olduğu kimi baxdıqca havalanırdı. Havalandıqca ətrafdakı hər şeyin mənası da dəyişirdi. Bağı sərbəstcə dolaşan itin şən-şən havlamağı da başqa məna daşıyırdı, – “Sənin dövranın bitdi, rədd ola bilərsən, qoca!”... Az qalırdı itə yalvarsın, – “Nolar, çıx get burdan! Girmə aramıza, pozma dincliyimi!” – uşaq kimi üzünü qapayıb hönkürmək istədi. Bacarmadı, ev sahiblərinə yalvarmağı da bacarmadı – “Sən demə insan kimi yalvarmağı da unutmuşam”... Rezin top ona sarı diyirlənəndə üstünə cuman itin zəhmindən büzüşdü. Haski ona pəl vurub topu qapanda damarlarında qanı dondu,  – “Məni bu həyətdən qovur, yandıq verir mənə! Daha burda məni it yerinə qoyan yoxdur” – gecə-gündüz belləyib suvardığı, alın tərini qatdığı torpaq, gül-çiçək də onun fərsizliyinə gülürdü. Ev sahibləri itin oyunbazlığına aludə olmuşdular. “Bu həyət məni həmişə axmaq adam kimi xatırlayacaq” –  yeni doğulan körpəni anasına bağlayan göbək ciyəsini necə kəsərlərsə, Qasım da eynən, nəfsini kəsdi bu bağdan, – “Bu it meyitimə işəməmiş burdan canımı qurtarmalıyam” – ayaqqabılarını taykeş geymiş adam kimi ayaqları bir-birinə dolaşa-dolaşa darvazadan eşiyə çıxdı. İkinci massivə çatanda Hüsü görməsin deyə hasarın kölgəsinə qısılıb addımlarını yeyinlətdi, – “Bu dəfə də bilsə ki, üstümə it gətirdiklərinə görə küsmüşəm, abrımı ətəyimə bükəcək”... Hüsünün deyəcəkləri qulaqlarında cingildəyirdi, – “İt alıb, yaxşı eliyib alıb! Bundan sənə nə? Qəşəm məllim indi itini səndən çox sevir, qoy cəhənnəmə sevsin! A kişi, işindən dördəlli yapış. Ağlını başına yığ, qayıt bağına və dişlərini ağarda-ağarda itin başını tumarla!” – Hüsünün bağından xeyli uzaqlaşandan sonra addımlarını yavaşıtdı. – Günah mən boyda cəmdəyin sahibindədir ki, rusca bir-iki kəlmə öyrənməmişəm indiyədək! – hərdən çönüb geriyə boylanırdı ki, görsün onu arxadan çağıran yoxdur ki... Amma bağ yollarında tənha idi. “Özgə atına minən tez düşər. Allah erməniyə insaf versin, məni it gününə saldı”... – canını yolda tapşırmamış özünü baytar aptekinə çatdırmaq istəyirdi...

(1)Haski, tut!
(2) Haski, otur!
(3)Haski, hoppan!

Rəşid Bərgüşadlı


Etiket:
Xəbərlər

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

12.11.2019

Albanların xiristanlığı qəbul etməsi

07.11.2019

Yarımçıq qalmış sevgi və ya sovetlərin üç körpə qıza etdikləri sitəm...

07.11.2019

Ailəsindən küsən, tənha yaşayıb tənha ölən Xalq artisti

06.11.2019

Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar

06.11.2019

Klounların təzim etdiyi, xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz...

05.11.2019

"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR

04.11.2019

Xruşşov dövrünün Qarabağ şəhidi - FOTOLAR

04.11.2019

Dronqo kimdir?

01.11.2019

O, Xalq yazıçısı adından çox nökər olmağına sevinmişdi – Maraqlı faktlar

01.11.2019

Bir taleyin oyununda iki böyük türk – ARAŞDIRMA

31.10.2019

Xaricdə yüksək vəzifə tutan azərbaycanlılar - SİYAHI

30.10.2019

“Mən türkəm, bu qədər” - Nobel mükafatçısının HƏYAT HEKAYƏTİ

30.10.2019

İnterneti rədd etmək mümkündürmü? - Umberto Eko yazır...

29.10.2019

Rus dili

29.10.2019

Üzünə Bəxtiyar Vahabzadənin tüpürdüyü general: – “Özümü xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım”

28.10.2019

Amerikalı ravvin erməniləri ifşa etdi

28.10.2019

Qan gölü, əmirə kəllə hədiyyəsi, yerlə yeksan olan tarix... – III YAZI

28.10.2019

Hitlerin əsgəri, Stalinin məhbusu olan Azərbaycan aşığı

25.10.2019

Hüseyn Cavid əbədiliyi

24.10.2019

Ayaz Arabaçı - şeirlər

24.10.2019

Xalq Yazıçısı Anar bir qrup gənc qələm sahibiylə görüşüb

24.10.2019

Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?

24.10.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən... – Tarixin sandığından

23.10.2019

Aləm Kəngərlinin “Qatarda 18 əhvalat” adlı yeni kitabı çapdan çıxıb

22.10.2019

Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

22.10.2019

 Aşıq Ələsgərin xatirəsi Xaçmaz şəhərində yad edildi.

21.10.2019

“Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ

21.10.2019

Süleyman Rüstəmin 30 il əvvəlki son müsahibəsi:
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” 

21.10.2019

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019
Bütün xəbərlər