İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

16:35 / 30.05.2020
Baxılıb: 400

(Babam Ağakişioğlu Mahmudun və Rezo
Çxeidzenin əziz xatirəsinə ithaf edirəm…)

Babam iliyinə qədər kommunist idi və son nəfəsinədək öz ideyalarına sadiq qaldı. Bir də görürdün, əlini əlinə vurub kiminsə qarasınca deyinir: “Sən bunların xoruzlanmaqlarına bax! Bu gədə-güdələr, Stalini özü bir yana, bığını görsəydilər, siçan deşiyini satın alardılar. Stalinin bığı tərpənəndə adam ölürdü, bala!” Sonra da elə söyüşlər söyürdü ki, yazmağa üzüm gəlmir. Məni gülmək tuturdu. Babamın gülən adamlardan zəhləsi gedirdi, deyirdi, a bala, gülmə, ocağımıza gülmək düşmür.

Rəhmətlik dünyanın hər üzünü görmüşdü. Zarafat deyil, üç hökumət yola salmışdı: Çar Rusiyası, Azərbaycan Demokratik Cümhuriyyəti və Sovet İmperiyası. Cümhuriyyət dövründən heç nə danışmazdı, bircə ingilislərlə bağlı hansısa bir əhvalatdan başqa. Düzü, nə əhvalat idi, xatırlamıram.

Müstəqilliyin ilk illərində İsgəndər Həmidov Aztv-nin canlı efirinə soxulub “Tüpürüm sizə də, demokratiyanıza da!” deyəndə kişi yamanca gülmüşdü, elə bilmişdi, gülməli tamaşa verirlər. Nə qədər eləmişdilərsə, bunun tamaşa olmadığına kişini inandıra bilməmişdilər.
Yaşı yüzü haqlamışdı. Deyirdilər, Tovuzdan bu yana bu yaşda adam yoxdur. Bu xəbərə əvvəlcə sevinmiş, sonra kədərlənmişdi.
30-cu illərin aclığı gözünü elə qorxutmuşdu ki, evdə un yeşiyində un azalanda gecəni yata bilmirdi. Gündə, azı, üç dəfə çəliyini un yeşiyinə soxub unun səviyyəsini diqqətlə yoxlayırdı. Anam da elə bilirdi ki, un yeşiyinə siçan dadanıb.
Danışırdı ki, aclıq illərində xırmanda dən sovururduq, dənin içində eşələnəndə şalvarımızın yamağına dən dolurdu, evə gələndə anam o dənləri yığıb üyüdürdü, az-çox qarnımız doyurdu. Çox vaxt bilərəkdən dənin içinə yıxılırdıq ki, cibimizə bir az dən dolsun. Oğurluq ağlımıza da gəlməzdi.

Özünün yalançısıyam, Böyük Vətən müharibəsində top komandiri olmuşdu. Kefi kök olanda müharibə macəralarını danışırdı. Hamısını əzbər bilirdik, amma axıra kimi dinləyirdik. Bəzən də mən cığallıq eləyirdim: kişidən cəld tərpənib tez-tələsik əhvalatın axırı danışırdım, yaman dilxor olurdu. Deyirdi, 9 rus topunu “nemes”lərə öz əlimlə təhvil vermişəm. Bir də deyirdi ki, qələbəni Amerika konservləri qazandı, Amerika olmasaydı, rus bir pox yeyə bilməzdi. Hə, lap elə beləcə də deyirdi…

Xeyli orden-medalı var idi. Toya-yasa çıxanda “Valadarski fabrik”in buraxdığı pencəyinin yaxasına düzərdi. Müharibə iştirakçısı olmağı ilə fəxr edirdi. Bir dəfə zarafatla dedim ki, a kişi, bax, niyə almanlara güllə atırdın?! Almanlar buranı alsaydılar, indi yağ içində böyrək kimi yaşayırdıq. Rəhmətlik biraz fikrə getdi, sonra dedi ki, a bala, səndən adam olmayacaq! Bir- iki həftə məni danışdırmadı.
Deyirdi, a bala, ümid yaxşı şeydi. Kerçdə almanlar təpəmizə bomba yağdıranda başımızı yağtikan kolunun dalına soxurduq. Sonra da özü öz sözünə gülürdü. Mən də zarafat edirdim: “Ay baba, gülmə, ocağımıza gülmək düşmür”.

Xülasə, bu yaşdan sonra bu adamı daha heç nə təəccübləndirə bilməzdi. Oturub ölümünü gözləyirdi, hərdən Allahdan gileylənirdi ki, bilmirəm, məni niyə saxlayır, mən çoxdan ölməliydim. Amma bir balaca nasazlayan kimi özünə qurban deyərdi. Biz də buna gülərdik. Sonra tez yadımıza düşərdi ki, ocağımıza gülmək düşmür.
Babam həyatla haqq-hesabı çoxdan kəsmişdi, həyata marağı özündən qabaq ölmüşdü. Onu heç nə maraqlandırmırdı, bircə dişdən başqa...

Mən gözümü açandan kişinin ağzında diş görməmişdim, dişləri çoxdan tökülmüşdü. Protez dişlər dəbə düşəndə isə artıq damaqları bərkiyib sümük kimi olmuşdu deyə, dişə ehtiyac qalmamışdı.

Bir dəfə gördüm ki, babam körpə uşaq kimi əlini ağzına salıb nə isə axtarır. Məni görəndə yaxına çağırdı. Dedi, institutda oxuyursan, az-çox başın işləyir. Deyirlər, adamın yüz yaşı tamam olanda uşaq kimi təzə dişləri çıxır, bu gerçəkdimi? Bir söz deyə bilmədim.

Get-gedə diş məsələsinə marağı yaman artırdı. Kimi görsə, soruşurdu: “A bala, deyirlər, adamın yaşı yüzü keçəndə uşaq kimi təzə diş çıxarır, gerçəkdimi?” Hərə bir söz deyirdi.

Xəlvətə düşən kimi əlini ağzına soxub diqqətlə yoxlayırdı ki, görsün diş çıxır, ya yox. Hər dəfə də məyus olurdu: “Əşşi, andıra qalsın, diş nə gəzir!” Rəhmətlik diş məsələsinə elə ciddi yanaşırdı ki, biz gülməyə cəsarət edə bilmirdik. Onsuz da ocağımıza gülmək düşmürdü...

Allaha-peyğəmbərə bir o qədər də inanan adam deyildi. Bircə şeyə inanırdı: “Heç kimin haqqını kəsmək olmaz!” Bir dəfə dedim ki, baba, dünya görmüş adamsan, bir tutarlı söz de, orda-burda danışım, özümə hörmət qazanım. Dedi, nə deyim, a bala, oğru da Allahı çağırır, mal yiyəsi də. Hərənin öz Allahı var.
106 yaşında ölüm yatağına düşdü. Bir balaca özündə təpər tapan kimi, əlini ağzına salıb dişlərini yoxlayırdı. Diş isə çıxmaq bilmirdi. Ümidini itirməmişdi. Bizi də inandırmışdı. Hərdən mənə elə gəlirdi ki, dişi çıxmamış, babam Əzrayıla can verən deyil.

Babam uzun müddət PartKom işləmişdi. Kənddə deyirdilər ki, kişinin qızıl onluqları olmamış olmaz, qılıqla, yerini öyrən, xırda-xırda xərclə getsin.
Ölümünə bir gün qalmış məni yanına çağırdı. Dedim, yəqin, qızılların yerini deyəcək. Dedi, a bala, adımı sənə qoymuşam. Bircə sənə inanıram, mən öləcəm. Sənə iki vəsiyyətim var: birinci, çalış, baş daşım biraz yekə olsun, özü də qara mərmərdən. İkinci də, yas halvamı mənsil yağından çaldır, “Teksun”a-meksuna umud olma! Sonra dedi: “Əlimdən tut, heç yerə getmə, darıxıram”. Amma bu “darıxıram” nəsə “qorxuram” kimi çıxdı...

Bir gün sonra babam haqqa qovuşdu. Eşidib gələnlər gülə-gülə mənə baş sağlığı verdilər: “A bala, kaş hamı o yaşda ölsün.” Fikrim dişin yanında idi, heyfsilənirdim ki, kişi o dünyaya dişsiz getdi...

Kəndimizdə məscid yox idi, hərə öz ölüsünü öz həyətində yuyurdu. Babamın yüyət yerini evin arxasında hazırladıq. Molla H. səhər o başdan işə başladı. Evin qabağında isə xeyli adam toplaşmışdı. Gözləyirdilər ki, molla kişini kəfənləsin, aparıb dəfn eləsinlər.

Biraz sonra molla H. evin böyründən bizi səslədi:
- A cavannar, biriniz bura gəlin, görüm!
Heç kim tərpənmədi, elə mən də tələsmədim. Bu molla çox təhlükəli adam idi. Bir dəfə başqa bir yas yerində, indi olduğu kimi, düz həyətin ortasında dayanıb demişdi:
- A cavannar, bir qoluzorlu adam lazımdı, biriniz bəri gəlin!
Kəndin cavanları sinələrini irəli vermişdilər. Molla da içlərindən bir qoluqüvvətlisini seçib tapşırıq vermişdi:
-A bala, yeri o aftafanı götür, isti su doldur, dalımca tualetə gətir.

Ona görə də bu dəfə heç kim tərpənmədi. Özüm irəli çıxası oldum. İşarə elədi ki, yüyət yerinə gedim. Getdim. Babamı yuyub qurtarmışdı, bircə kəfənləmək qalırdı. Dedi, bala, kömək elə, rəhmətliyi bu yana çəkək, kəfənləyim, vaxt gedir.
Babamın cansız bədənini ağ parçanın üstünə qoyduq. Qayıtmağa tələsmədim. Fikrim bir-iki il uzağa getdi...

Babam üzündə tük saxlamazdı. Günaşırı taraş etdirərdi. Adətən, bunu mən edirdim. Özü də bağırovsayağı bığ saxlayırdı, burnunun altında, bir damcı, sədəf boyda. Hər dəfə o bığın yan-yörəsini səliqəyə salmağa ərinirdim. Amma əvvəldən bərk-bərk tapşırardı ki, bığıma dəymə! Bir dəfə necə oldusa, əlim yanıldı, bığları verdim güdaza. Kişi bərk dilxor oldu. Məni o ki var, danladı. Mən güldüm. Dedi ki, gülmə, ocağımıza gülmək düşmür.

Molla babamın bığlarını qırxmışdı. İndi bu hadisə yadıma düşəndə gülmək tutdu məni. Amma özümü saxladım. Molla isə öz işində idi. Ağ parça ilə cəsədin çənəsini bağlayırdı. Birdən dayandı, qəribə bir intonasiya ilə öz-özünə dedi:
- Ayə, ayə! Rəhmətlik təzə diş çıxarırmış!

Baxdım, doğrudan da, alt çənəsində ağappaq, iki dənə incə diş çıxmışdı. Bu dəfə bərkdən güldüm. Birdən mənə elə gəldi ki, indi bu dəqiqə babam durub deyəcək:
- A bala, gülmə, ocağımıza gülmək düşmür!


Etiket:
Xəbərlər

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020
Bütün xəbərlər