Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)

15:00 / 31.10.2020
Baxılıb: 516

Dünyada baş verən müharibələrin tarixinə nəzər saldıqda qoşunların köçürülməsi və ya manevrlərində ən vacib elementlərdən biri kimi nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin daim ön planda olduğunu görürük. Ordu birləşmələrinin döyüş əməliyyatları teatrına daşınması üçün təhlükəsiz yolların çəkilməsi və körpülərin salınması bəzən dövlətin, bəzən isə ordunun güc və vasitələrindən istifadə edilərək həyata keçirilir.

Müasir dövrdə isə daşınan texniki vasitələrin kütləsinin artması, qoşunların tərkibinin genişlənməsi təxliyyə yollarına qarşı irəli sürülüən tələbləri daha da sərtləşdirib. Artıq 20 il əvvəlki yollar müasir zirehli vasitələrin, artilleriya sistemlərinin və HHM vasitələrinin sərbəst hərəkətinə və manevrlərinə imkan vermir. İstehsal olunan bəzi texniki vasitələr isə xüsusi parametrlərə malik yol infrastrukturu tələb edir. Dolayısı ilə qoşunlarda təkərli və tırtıllı texnikaların istifadəsinin artması ilə qoşun birləşmələri, döyüş əməliyyatı teatrına aparan yolların sayı və keyfiyyətindən birbaşa asılı vəziyyətə düşməyə başladı.

Laçın dəhlizi


Hazırda yollar geniş manevrləri və qoşun hərəkətliliyini, son nəticədə isə müharibənin yekun nəticələrini təmin edən amillərdən birinə çevrilib. 1990-cı illərdən sonra Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçı siyasətin birbaşa davamı olan Qarabağ münaqişəsi zamanı erməni birləşmələri hərbi əməliyyalar zamanı şəxsi heyətin və texnikaların təxliyyəsi ilə əlaqəli ciddi çətinliklərlə qarşılaşırdılar. İşğalçı rejim rəhbərliyi bu problemlərin mövcudluğunu bilsə də, maliyyə problemləri ilə əlaqədar bu məsələləri münaqişənin ilk 20 ilində arxa planda saxlamağa çalışırdı. Son illərə qədər Ermənistanı Qarabağla birləşdirən yeganə yol bizim “Laçın dəhlizi” kimi tanıdığımız İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu idi. Kəlbəcər və Qubadlı kimi digər rayonlar da bu yola birləşdiyi üçün bu dəhliz Ermənistan üçün daim ciddi strateji əhəmiyyətə malik olub. “Laçın dəhlizi”nin Qarabağda yerləşən hakim yüksəkliklərlə əlaqə yaratmaq, bu ərazilərdə hərbi manevrlərin və ya qoşunların yerdəyişməsinin həyata keçirilməsi üçün yeganə vasitə olduğunu nəzərə alsaq, bu dəhlizin erməni tərəfi üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu daha qabarıq təsəvvür edə bilərik.

Azərbaycana məxsus Qarabağın ciddi təbii təbii resurs zənginliyinə malik olması və hərbi əməliyyatların əsasən bu ərazilərdə aparılması, bu dəhlizin hər iki münaqişə tərəfi üçün əhəmiyyətini daha da artırır.

Digər tərəfdən isə zamanına görə alternativi olmayan bu dəhliz Ermənistanla bərabər Laçını Qarabağa birləşdirməkdən əlavə Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır. Qısa desək, dəhlizə nəzarət edilməsi, eyni zamanda həm Qarabağa, həm də Zəngəzur ərazilərinə nəzarəti təmin edir. Faktiki olaraq, Laçın ərazisi olmadan Ermənistanın Qarabağı işğal altında saxlaya bilməsi hərbi cəhətdən sadəcə mümkün deyildi. Məhz bu səbəbdən son illərdə yeni yollar çəkilənə qədər “Laçın dəhlizi” Ermənistan üçün həyati dərəcədə vacib əhəmiyyət daşıyıb.

Uzun illər boyu fəaliyyət göstərən bu dəhliz, Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olaraq, Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistanla seperatçılar arasında “nəfəs borusu” rolunu oynayıb. Həm müharibə dövrü, həm də ikinci yol çəkilənə qədər Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təhçizatını bu yol vasitəsi ilə həyata keçirib. Məhz buna görə də Laçın ərazisinin Azərbaycana qaytarılması və ya heç olmasa bu dəhlizin erməni tərəfinin hərəkəti üçün bağlanılması, Ermənistanı Qarabağ ərazilərinə nəzarətdən mərhum edə bilərdi. Silahlı Qüvvələrimizin bu vəzifələri yerinə yetirmək üçün potensialının mövcud olmasına baxmayaraq, əlimizə düşən fürsətlərdən zamanında tam yararlana bilmədik. Yeganə təsəllimiz 2018-ci ildə Naxçıvanda yerləşən qoşunlarımızın Günnüt istiqamətində irəlləyərək Azərbaycana məxsus yüksəkliklərdən dəhlizin Gorus-Laçın hissəsinə nəzarəti ələ keçirməsi oldu.

Ermənistan hələ keçən əsrin əvvəllərindən bu dəhlizə sahib olmağa çalışırdı. O zaman bu ərazilərdə çoxlu sayda qırğınlar baş versə də, qanlar tökülsə də, bu ərazilər ermənilərə təslim edilmədi. Lakin 1992-ci ildə bu dəhlizə nəzarətin iki dəfə əldən-ələ keçməsi, hadisələrin iştirakçısı kimi məndə bu dəhlizin əhəmiyyəti ilə bağlı bir çox cavabsız suallara səbəb olub. Bəlkə də bir az mövzudan kənara çıxmalı olacam. Lakin çox az adamın bildiyi, lakin bu dəhlizin son dəfə azad edilməsi və ermənilərin onu təkrar ələ keçirilməsi ilə bağlı xatirələrimi burada sizinlə paylaşacam, çünki bir çox şəxslər hadisələrlə yaxından uzaqdan əlaqəsi olmadığı halda baş verənlərə müxtəlif rənglər qatmağa cəhd edir.


1992-ci ilin oktyabrın ilk günlərində Kəlbəcər-Laçın istiqamətində irəlləyən hərbi hissələrimizdən birinin cəmi 47 nəfər şəxsi heyətə malik maddi texniki təminat bölüyü heç bir kənar dəstək olmadan bir gündə ermənilərdən Laçının Hoçaz, Qızılca və Sus kəndlərini azad etdi və 10 km irəlləyərək “Laçın dəhlizi”ni ələ keçirdi. Bölüyün itkiləri bir şəhid, biri yaralı olmaqla cəmi iki nəfər təşkil etdi. Ermənilərin sürətlə geri çəkilməsinin əsas səbəbi əvvəlki döyüşlərdə verdikləri itkilər və itkilərin yerini doldura bilməməsi ilə əlaqədar idi. Bölük 45 nəfərlə 3 gün düşmənin zirehli texnikaları ilə gücləndirilən motoatıcı taboruna qarşı şəxsi heyətin 30%-ni itirənə qədər, tankların bölüyün dayaq məntəqəsinin bütün mühəndis qurğularının məhv etməsinə və yüksək komandanlığın geri çəkilmək əmrinə baxmayaraq, son nəfəslərinə qədər müqavimət göstərdi. Bölük yalnız arxadakı Qızılca kəndi ermənilər tərəfindən ələ keçirildikdən (son yaralı Qızılcadan açılan atəşlə dabanından yaralandı) sonra mühasirə halqası yarandığı, yaralıların qanaxmadan həyatını itirməməsi üçün onların Həkərə çayı ilə axına qarşı üzü yuxarı çıxarılmasına yetəcək qədər qüvvənin sağ qaldığı zamana qədər döyüşdü. Hələ indi də düşünürəm ki, 1973-cü ildə doğulan həmin əsgərlər “Laçın dəhlizi”nin nə demək olduğunu, həmin əraziyə nəinki kömək, hətta yaralıları çıxarmaq üçün tibbi personal və tibbi yardım maşını göndərməyən komandirlərdən, həm də hadisələrin inkişafını nəzarətdə saxlamayan siyasi rəhbərlərdən daha yaxşı anlayırdılar. Geri çəkilmənin nizamnaməyə uyğun olmayan formada verilməsi, taborun bu 3 gün ərzində digər istiqamətlərdə döyüşlərə qatılmamasına baxmayaraq, dəhlizin müdafiəsinin əlavə qüvvələrlə möhkəmləndirilməsi üçün heç bir tədbir görülməməsi, bir dəfə də olsun tabor və hərbi hissə komandanlığının dəhlizdəki bölüyün dayaq məntəqəsinə və ön xəttinə gəlməməsi, artilleriya vasitələrinin bölüyün ölüm-qalım savaşında bir mərmi belə atmaması, nəticədə gecə saatlarına qədər davam edən döyüşdə 45 nəfərlik bölüyün 11 nəfərinin yaralı, 4 nəfərinin isə itkin olaraq itirilməsinə və dəhlizin ermənilər tərəfindən təkrar işğalına səbəb oldu.


Ermənilər dəhlizi ələ keçirdikdən sonra Qarabağa böyük həcmdə hərbi ləvəzimat, döyüş sürsatı, zirehli texnika ərzaq və canlı qüvvə daşımağa başladılar. Hücum əməliyyatının miqyasını genişləndirən işğalçılar son nəticədə Laçın- Kəlbəcər-Ağdərə isiqamətində yerləşən bütün əraziləri yenidən işğal edə bildilər. Təbii ki, Ordumuzun qarşılaşdığı və mütləq nəticə çıxarmalı ən acı təcrübələrdən biri olan dəhlizin əldən verilməsinin hərbi səbəblərindən başqa, siyasi səbəbləri də olub. Lakin mən burada hər bir detalı ağ və qara rənglərində təsvir edərək həmin hadisələrə hüquqi qiymət verilməsinin tərəfdarıyam. Əks halda bu tip hasisələrin nə vaxtsa təkrarlanmayacağına zəmanət verilə bilməz.

Hazırda bu dəhliz Ermənistan tərəfindən “Hayastan” Ümumerməni Fondunun hesabına qismən təmir edilib və istifadə edilir.

İkinci dəhliz


Ermənistanın hərbi və siyasi rəhbərliyi Azərbaycanla getdikcə artan gərginliyin fonunda, işğal altında olan Qarabağda ehtiyatların yerləşdirilməsinin təhlükəli olduğunu və yalnız “Laçın dəhlizi”ndən istifadə etməklə hərbi əməliyyatların təminat və təchizatını həyata keçirməkdə çətinlik çəkəcəyini daim hamıdan yaxşı anlayıb. Çünki, İrəvandan Xankəndinə qədər 350-yə yaxın döngəyə malik 340 km-lik yeganə yol enişli-yoxuşlu və nahamar idi, qış aylarında isə bəzən bağlanırdı. Bu yol açıq olduğu müddətdə minik avtomobili ilə 7-8, bəzən isə 9 saata qət edilə bilirdi. Hərbi karvanın bu yolu qət etməsinə isə ən azı iki dəfə artıq zaman tələb olunurdu. Bu isə aktiv və qəfil başlayan hərbi əməliyyatlar fonunda ehtiyatların döyüşə yeridilməsi üçün heç bir halda qəbul edilə biləcək zaman göstəricisi hesab edilə bilməzdi.

Erməni tərəfi daim, xüsusilə 2016-cı ilin aprel hadisələrindən sonra ümumqoşun ehtiyatlarının Qarabağa yeridilməsində çətinliklərlə qarşılaşdığından, həmin yolda hərəkət edən vasitələrin Azərbaycan tərəfindən məhv edilməsindən sonra alternativ yol ilə təmin edilməsini xüsusilə prioritet hesab etməyə başladı.

Digər tərəfdən isə normal yol infrastrukturu olmadan işğal edilən ərazilərdən təbii sərvətlərin daşınması, yeni mədənlərin isitsmara verilməsi, mədən sənayesində yeni iş yerlərinin yaradılması və Qarabağdakı ermənilərin sayının süni surətdə artırılması mümkün deyildi. Beləliklə, Ermənistan Qarabağa alternativ yol çəkməklə özünün bir neçə strateji hədəfinə paralel nail olmağı planlaşdırırdı. Bu mövzuda polemikalar Ermənistanda tez-tez eşidilirdi, lakin sözdən əmələ keçid aprel döyüşlərindən sonra baş verdi. Ermənistan qoşunlarının müdafiəsinin dərinliyində dəhliz ilə hərəkət edən texnikaya və onun ətrafındakı hərbi obyektlərə dəqiq hava zərbələri endirilməsi, erməni siyasi və hərbi rəhbərliyinə 2-ci dəhliz məsələsinin ciddiliyini anlamaqda və bu istiqamətdə məqsədyönlü fəaliyyətə başlamaqda yardımçı oldu.


Vardenisdən keçməklə Ağdərə ilə birləşəcək yeni dəhlizin inşasına başlanması barədə ilk məlumatlar hələ 2011-ci ilin iyun ayından erməni KİV-lərdə yayılırdı. Qarabağı Ermənistanla birləşdirən ikinci dəhlizin marşrutu İrəvan-Vardenis-Sotk-Ağdərə-Xankəndi ərazisindən keçməli idi. Qarabağı Ermənistana birləşdirən mövcud marşrut ilə, yəni bizim əvvəldə bəhs etdiyimiz “Laçın dəhlizi” adlandırdığımız İrəvan-Gorus-Şuşa-Xankəndi yolu ilə müqayisədə yeni yol 150 kilometr daha qısa olmalı idi. İrəvandan Xankəndinə getmək üçün əvvəl sərf edilən zaman 8-9 saatdan 5-6 saata qədər azalmalı idi. Lakin maliyyə problemləri bu məsələnin daim ləngiməsinə səbəb olurdu.

Mövcud məhdudiyətləri nəzərə alan Ermənistan rəhbərliyi büdcəsindən demək olar ki, vəsait xərcləmədən Qarabağa 2-ci dəhliz funksiyasını daşıyan Vardenis-Ağdərə alternativ yolunun inşasını 2017-ci ilin sentyabrın 1-də başa çatdırdı. Layihənin maliyyələşdirilməsi məsələsinə yenidən qayıdacağıq.

116 km yolun tikintisinə 17 milyard dram (təxminən 35 milyon dollar) xərcləndi. Yolun 16 km Ermənistan, 100 km isə işğal altında olan ərazilərdən keçir. Bu layihə işğalçıların ərazidə həyata keçirilən ilk böyük infrastruktur layihəsi oldu. Yeni strateji əhəmiyyətli yolun rayonların “iqtisadi inkişafı” məqsədilə inşa edildiyi bildirilsə də, təbii ki, burada iqtsadi məsələlər ilk plana aid deyildi. Onların iqtisadi inkişaf dedikləri isə əsasən Qarabağda Azərbaycana məxsus təbii sərvətlərin talan edilərək kənara daşınmasından ibarətdir.


Keçən ilin sentyabr ayının 26-da isə Ermənistanın Qeqarkunik vilayətinin Norabak kəndindən və Zod aşırımından keçməklə Kəlbəcər rayonunun mərkəzinə yol çəkildiyi məlum oldu. Bu yolun ümumi uzunluğu 26 kilometr oldu. İnşaat işləri artıq başa çatıb. Bu yeni yol Kəlbəcərin mərkəzini Qeqarkunik vilayətinin Norabak kəndindən keçməklə İrəvan-Vardenis-Sotk-Ağdərə-Xankəndi şossesinə, yəni 2-ci dəhlizə birləşdirdi. Erməni tərəfi bu yolu Qarabağla Ermənistanı birləşdirən 3-cü dəhliz adlandırır.

Yeni yolların maliyyələşdirilməsi

2014-cü ildə ABŞ-da yerləşən “Hayastan” Ümumerməni Fondunun illik prioritet proqramlarından biri olan “Telemarafon”da Vardenis-Ağdərə yolunun təmiri üçünı təqribən 113 milyon dollar vəsait toplandı. Onun az bir hissəsi mövcud olan əvvəlki dəhlizin və digər ikinci dərəcəli yolların təmiri üçün istifadə edildi, digər əsas hissəsi isə 2-ci dəhlizin Ermənistana qədər uzadılması üçün istifadə edildi.

Qarabağın dağlıq hissəsinin şimalından keçərək Xankəndinə qədər uzanan 2-ci yolun inşaat işlərinin yalnız 26 km-lik Kəlbəcər hissəsi istisna olmaqla, 90%, maliyyələşdirilməsi “Hayastan” Fondu tərəfindən həyata keçirildi.

Yolun tikintisində beş böyük şirkət iştirak etdi. Eni 10 met olan magistral yolda 17 körpü inşa edilib. Bəzi sürücülər yolun qış aylarında “Laçın dəhlizi”ndən daha təhlükəli olduğunu iddia edirlər. Lakin reallıqda bu yolda sərt dögələr dəfələrlə azalıb, eniş və yoxuşların sayı minimuma endirilib.

Yolun Kəlbəcərə qədər olan hissəsinin tikintisi isə Qarabağın faydalı qazıntılarını talayan, Ermənistanın mədən sənayesinin tanınan şirkətlərindən biri olan və “Vallex Group” QSC-nin tərkibinə daxil olan “Base Metals” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib.


“Vallex Group” QSC 1998-ci ildə yaradılıb və özündə 20 filialı birləşdirir. Onların arasında 2006-cı ilin mayında təsis edilən və səhmlərinin 100% -i Kiprin “Teghut İnvestment Limited” şirkətinə məxsus olan “Teghout” QSC, səsvermə səhmlərinin 100% -i “Vallex Group”un prezidenti Valeri Məzlumyana məxsus olan və Alaverdi mis əritmə zavodunu işlədən “Armenian Copper Programme” QSC, Drambon kəndində mis-qızıl yatağını işlədən “Base Metals” şirkəti də mövcuddur.

Bu günə qədər Kəlbəcər rayonunun Heyvalı kəndindəki Qızılbudaq mis-qızıl mədənlərinin inkişafına təxminən 7 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Zavodda təxminən 750 nəfər işləyir, orta əmək haqqı 110-120 min dramdır (250 dollara yaxın). Zavod gecə və gündüz 4 növbədə fəaliyyət göstərir. Şirkət vergini işğalçı rejimin hesabına ödəyir. Əvəzində isə rejim tərəfindən “Base Metals” şirkətinə Qarabağ ərazisinə partlayıcı maddələrin gətirilməsi üçün lisenziya verilib. Partlayıcı maddə kateqoriyasına isə bir çox hərbi təyinatlı məhsulları, o cümlədən TNT (trotil), tetril, geksogen, ten, nitroqliserin, ammonit, ammonium-nitrat, qurğuşun azid və ballistik artilleriya barıtı aiddir. Hərbi sahədə adı çəkilən partlayıcı maddələrdən həm müxtəlif silahların mərmilərinə ilkin sürəti təmin etmək üçün, həm də müxtəlif raketlərin döyüş başlıqlarını, reaktiv və lüləli artilleriyanın, artilleriya və mühəndis minalarının, aviasiya bombalarının, torpedaların və əl qumbaralarının təchizatında istifadə olunur.

“Base Metals” şirkəti hər ay mis-qızıl yataqlarımızdan ayda 12 min tona qədər filiz çıxararaq onu emal edilməsi üçün tabe olduğu “Vallex Group” QSC-nin zavodlarına göndərir. Bu zavodlarda ayda orta hesabla 1200 tona qədər konsentrat istehsal olunaraq Ermənistana göndərilir və orada onu metallurgiya emalından keçirirlər. Bundan sonra əldə edilən məhsul - tərkibində qızıl olan mis Avropa bazarına çıxarılır. Bundan başqa digər şirkətlər də Mehmanadan qurğuşun, Canyataq-Gülyataqdan qızıl, Şorbulaq-I və Şorbulaq-II yataqlarından mişar daşı, gəc və kömür çıxararaq ixrac edirlər. Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün istifadə edilir. Bəzi yataqların resursları artıq bitib və ya bitmək üzrədir.


“Vallex Group” kompaniyası bölgəyə toplam 80 milyon dollar yatırım edib və 2015-ci ildən keçmiş Ağdərə rayonunun ərazisində yerləşən Kaşen mis-molibden yatağını istimar etməyə başlayıb. Hazırda işğalçı rejimin büdcəsinin 80%-i Heyvalı və Kaşen yataqlarının istismarına görə ödənilən vergilərdən formalaşır.

Təbii ki, bu yolun inşası, işğal altında olan digər ərazilərdəki quruculuq işləri kimi, Azərbaycanın siyasi-hərbi maraqlarına cavab vermir. Çünki bu yol həm Ermənistanı indiyə qədər Qarabağa birləşdirən yeganə və hərbi baxımdan təhlükəli olan Gorus-Xankəndi yolundan asılılığı azaldır, həm yol ətrafında yerləşən yaşayış məntəqələrimizə köçürülən əhalinin yaşayış səviyyəsini yüksəltməyə şərait yaradır, həm də yola sərf edilən zamana 2-3 saat qənaət etməyə imkan verir.

İşğal altında olan ərazilərimizdə, xüsusilə Kəlbəcər rayonunda ölkəmizə məxsus faydalı qazıntıların intensiv daşınmasını təmin etmək məqsədilə inşaat işlərində xaricdə yerləşən ictimai fondlarla bərabər məhz bu sahədə fəaliyyət göstərən dağ mədən şirkətinin vəsaitlərindən istifadə edilir. Bu isə gələcəkdə daşınmaların həcminin artacağına tam zəmanət verir. İki ilə nəzərdə tutulan inşaat işləri başa çatmadan Madagiz kəndi ərazisində daş kömür mədəni istifadəyə verildi. Su anbarı və elektrik stansiyası isə bu kənddə əvvəlcədən mövcud idi.

Bu yolun Ermənistan üçün ən böyük əhəmiyyəti isə işğalçı ordunun qismən məhdud buraxılış imkanlarına malik və təhlükəli ərazidə yerləşən “Laçın dəhlizi”ndən asılılığını azaltmaqdan, ehtiyat hissə və bölmələrinin Qarabağ ərazisinə daha qısa müddətdə yeridilməsinə nail olmaqdan ibarət oldu. Naxçıvan Əlahiddə Ordusu “Laçın dəhlizi”nə nəzarəti ələ keçirdikdən sonra 2-ci dəhlizin yaradılması işğalçı orduya əlavə nəfəs verdi. Çünki erməni tərəfi hakim yüksəkliklərdə yerləşən silahların atəşi altında 1-ci dəhlizlə qoşunlarının Qarabağa yeridilməsinin əvvəlki illərdən daha təhlükəli olduğunu dəqiq bilirdi.

Xocavəndə 3-cü dəhliz


Ermənistanın işğal altındakı ərazilərdə inşa etdiyi yolların siyahısı bununla bitmir. Son məlumatlardan məlum olur ki, erməni tərəfi Qarabağa 3-cü dəhlizin açılması istiqamətində fəaliyyətə başlayıb.

Görünür Qarabağ ərazisində yerləşən yataqların talanmasından əldə edilən gəlirlər Ermənistan rəhbərliyinin iştahasını bir qədər də qabardıb. Xatırladaq ki, işğalçı ölkə rəhbərliyi indi də Ermənistanın Qafan, Azərbaycanın Qubadlı və Cəbrayıl rayonlarından keçməklə Xocavəndə yol çəkilməsi barədə bəyanatlar səsləndirir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, artıq bu dəhlizin yaradılması barədə müvafiq qərar verilib. Bu yolun inşasına 2020-ci ildə başlanılması və qısa müddətdə başa çatdırılması planlaşdırılır. Qriqoryan inşaat üçün maliyyə mənbəyinin mövcud olduğunu da bildirib. 150 km uzunluğunda olacaq bu yolun inşası perspektivlərinə Ermənistanın özündə belə şübhə ilə yanaşırlar. Böyük ehtimalla 3-cü dəhliz 2 və ya 3 ilə hazır olacaq. Digər yaşayış məntəqələrinin də yeni çəkilən magistral yollara birləşdiriləcəyini təxmin etmək çətin deyil. Hadisələrin inkişafı göstərir ki, Ermənistan hakimiyyəti nəinki Qarabağın dağlıq hissəsini, hətta ətraf rayonları işğaldan azad etməli olduqlarını artıq unudublar.

Nəticə

Azərbaycan tərəfinin maraqlarına kifayət qədər zidd olan yeni dəhlizlərin çəkilməsi və digər fəaliyyətlərin qarşısının alınması üçün təkliflərimi həm hüquqi aspektdən, həm də hərbi aspektdən nəzərinizə çatdırmağa çalışacam. Lakin yalnız hüquqi müstəvidə aparılacaq mübarizənin səmərəli olacağı düşüncəsindən çox uzağam. Burada ya hərbi, ya hərbi-hüquqi mübarizə metodunun birgə istifadəsi mütləqdir. Əvvəlcə hüquqi aspektən baş verənləri dəyərləndirək.

Ermənistan hakimiyyəti artıq neçənci dəfədir ki, işğal altındakı bölgələrdə inşaat işlərinin aparılmasını və ərazinin məskunlaşdırılmasını qadağan edən “Müharibə dövründə mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının tələblərini pozur. Həmin ərazilərin maddi sərvətlərini talan edir, infrastruktur və qondarma qurumlar yaradır, heç kim tərəfindən tanınmayan “seçkilər” keçirir. Ərazilərdə Livan və Suriyadan gələn ermənilərin də məskunlaşdırılması sürətləndirilib. Onlara isə qısa müddətdə vətəndaşlıq verilir.

Dəfələrlə yaradılan Beynəlxalq Missiyalar Qarabağ ərazisində yaşamağa razı olan əhalinin kişi hissəsinin hərbi xidmətdən azad edilməsi, bu əhalinin vergilərə cəlb edilməməsi, kommunal və təhsil ödənişlərindən azad edilməsi, ucuz su və enerji ilə təminatı kimi Cenevrə Konvensiyasının tələblərinin pozulması hallarını qeydə alıb. Apardığı müşahidələr və söhbətlərə əsaslanan Missiyalar Ermənistan rəhbərliyinin fəal məskunlaşma siyasəti yürütdüyü qənaətinə gəldiyini rəsmən bəyan edib, lakin bunun aradan qaldırılması ilə bağlı heç bir əməli tədbir görməyib. Əslində bu yeni yolların salınması təbii sərvətlərin daşınması ilə bərabər, həm də məskunlaşma siyasətinin tərkib hissəsidir. Əfsuslar olsun ki, bu iyrənc siyasətin aparılmasına məsul olan Ermənistan Beynəlxalq təşkilatlar tərəfindən yalnız şifahi olaraq qınanıb.

ATƏT həmsədrlərinin də istifadə etdiyi və Qarabağı Ermənistanla birləşdirən yeni yolların çəkilməsi isə Azərbaycanin pozulmuş ərazi bütövlüyünə qarşı gerçək bir təhdiddir. Bu kimi ciddi məsələlər heç bir halda cavabsız qalmamalıdır.

Ermənistan tərəfinin münaqişənin dinc yolla həlli ilə bağlı bəyanatları, beynəlxalq ictimaiyyətin diqqətini bu kimi inşaat və məskunlaşma layihələrindən yayındırmağa yönələn addımlardandır. Ermənistanın Beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq işğal edilən ərazilərdə həm Vardenis-Ağdərə yolunun, həm Qubadlı və Cəbrayıldan keçən Qafan-Xocavənd yolunun, həm Kəlbəcərdə SES-in inşası, həm də Tərtər çayının məcrasının dəyişdirilməsi üzrə inşaat işlərinin aparılması bütün diplomatik, siyasi və hərbi vasitələrlə, o cümlədən Ordumuzun arsenalında mövcud olan bütün silahların istifadəsi və ya digər üsullarla dərhal durdurulmalıdır. Əks halda bu fəaliyyətlərin ağrılı nəticələrinə qatlaşmağa hazır olmalıyıq.

İndi isə hadisələrin hərbi aspektinə nəzər salaq.

Müasir müharibə şəraitində Ermənistandan Qarabağa qədər 340 kilometrlik enişli-yoxuşlu və yüzlərlə sərt döngələrə malik “Laçın dəhlizi” erməni ordusunun təhcizat və manevr imkanlarını məhdudlaşdırdığını əvvəldə qeyd etmişdik. Münaqişənin ilk illərində erməni komandanlığı Qarabağa böyük həcmdə hərbi ehtiyatlar, maddi texniki vasitələr və silah-sursat cəmləşdirərək uzunmüddətli döyüş əməliyyatları üçün strateji resurslar yarada bilirdi. Lakin 4 il əvvəl baş verən son döyüş əməliyyatlarının intensivliyi bu ehtiyatların yetərsiz olduğunu və təchizatın davamlı olaraq həyata keçirilməsini zəruri etdi. Digər tərəfdən isə erməni tərəfi əsas ümümqoşun və zirehli ehtiyatlarının Qarabağda saxlanılmasının təhlükəli olduğuna əmin oldu və hazırda onların Qarabağdan kənarda saxlanılmasına üstünlük verir. Bunları nəzərə alaraq, Azərbaycan Ordusunun atəşlə məhvetmə planlarına müəyyən düzəlişlər edilməlidir.

İlk növbədə Azərbaycan ordusunun müasir silah sistemləri ilə təhciz edilməsinin düşmənin nəqliyyat qovşaqlarını nəzarətdə saxlamağa imkan verdiyini nəzərə alaraq, birlik və hissələrin artilleriya hədəfləri siyahısına düşmənin müdafiə zolağının operativ dərinliyində yerləşən bütün yeni yolların, körpülərin, qovşaqların və digər əhəmiyyətli obyektlərin koordinatları daxil edilməlidir. Böyük ehtimalla, düşmən bir çox ehtiyat bölmələrini, qərargahlarını, yanacaq bazalarını, rabitə qovşaqlarını, silah, sursat, ərzaq və əşya anbarlarını, radiotexniki və meteroloji nəzarət məntəqələrini, HHM və artilleriya divizionlarını yeni çəkilən yollara çıxışını təmin edə biləcək qədər yaxın ərazilərdə yerləşdirməyə və bununla da onların manevr imkanlarını artırmağa davam edəcək. Yuxarıda sadalanan çox sayda yeni hədəflərin, xüsusilə təmiri uzun müddət tələb edən yeni körpülərin koordinatlarının təyin edilməsi, bu məlumatların etibarlılığının dəqiqləşdirilməsi və s. aidiyyəti xidmətlərdən iri həcmli fəaliyyətlərin həyata keçirilməsini tələb edir.

Artilleriya rəisləri yeni qurulan yollar üzərində inşa edilən körpülər və əvvəllər qeydə alınmayan hədəflərin məhv edilməsi üçün əsas və ehtiyat vasitələr təyin etməlidir. Hələ bitməyən gələcək müharibənin uğuru məhz düşmənin şəxsi heyət və texnika ehtiyatlarının daimi yaşayış məntəqələrində, cəmləşmə rayonlarında və parklarda məhv edilməsi ilə bərabər idarəetmə orqanlarının, yol qovşaqlarının və körpülərinin ilk zərbə ilə məhv edilməsindən asılı olacaq.

“Laçın dəhlizi” ilə Ermənistanın qısa zamanda Qarabağa böyük qüvvələr atmağa cəhd etməsi az ehtimal ediləndir. Ən azından gündüzlər bu artıq istisna təşkil edəcək. Ermənistan tərəfi bu dəhlizə Qızılğaya və Xunutdağ istiqamətindən göstəriləcək atəş təsirini də nəzərə almaya bilməz.

2-ci dəhliz adlandırdığımız Vardenis-Ağdərə avtomobil yolu, imkanları tükənən Gorus-Xankəndi yolundan sonra Qarabağın dağlıq hissəsini təkrar Ermənistana birləşdirdi. 2017-ci ilin payızında yenidən quruluraq asfalt örtüklü magistral yola çevrilən Vardenis-Ağdərə dəhlizi təcavüzkar Ermənistan ordusunun manevr imkanlarını da artırdı. Lakin döyüş əməliyyatlar teatrının relyefinə nəzər salsaq, görərik ki, Daşkəsən rayonu ərazisindəki mövqelərimizə yaylım atəşli reaktiv sistemlərini və ya digər uzaqmənzilli artilleriya qurğularını yerləşdirilməklə bu şimal şossesinin imkanlarını qismən məhdudlaşdıra bilərik. Qismən ifadəsini meteroloji faktorlarla əlaqədar işlətdim. Çünki bu ərazilərdə daim duman, bulud, yağış, qar və çiskin kimi görmə məsafəsini məhdudlaşdıran faktorlar demək olar ki, ilin əksər günlərində mövcuddur. Bunlar mütləq nəzərə alınmalı, neytrallaşdırılması üçün tədbirlər görülməlidir. Digər tərəfdən isə Daşkəsən istiqamətindəki mövqelərimizdən təxminən 25 kilometrə qədər məsafədə yerləşən Vardenis-Kəlbəcər-Xankəndi yol qovşağının daim artilleriyanın atəşi altında saxlanılması üçün ağır texnikaların manevr qabiliyyətini artırmaq məqsədilə yol şəbəkəmizi intensiv hərəkətə imkan verəcək səviyyəyə qədər inkişaf etdirməliyik.

Ermənistanın Qafan, Azərbaycanın Qubadlı və Cəbrayıl rayonlarından keçməklə Xocavəndə çəkilən 3-cü dəlizə gəldikdə isə bu hələlik erməni rəsmisi tərəfindən bəyan edilən bir layihədir. Onun trayektoriyası və keçəcəyi yaşayış məntəqələri hələ tam məlum deyil. Bu məlumatlar əlimizdə olduqdan sonra, bu dəhlizin atəşə məruz qala biləcək zəif nöqtələrini və düşmənə üstünlük verə biləcək güclü tərəflərini ətraflı araşdırıb nəticələrini Sizə çatdıracağıq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az


Etiket:
Xəbərlər

Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov bacımın rəhmətə getdiyini dedi” - Fotolar

04.12.2020

Şəhidlərimiz Nyu-Yorkda da anıldı

04.12.2020

Bərdədə doğulub, Zəngilanda şəhid olan, Ağdamı görməyən ağdamlı

03.12.2020

Laçınım, Laçınım mənim...

02.12.2020

Vətən müharibəsi iştirakçılarına veriləcək medallar - Fotolar

01.12.2020

Ermənilər Ağdamda məscidi də yandırıb - Fotolar

30.11.2020

Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar

30.11.2020

Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya

30.11.2020

Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar

28.11.2020

Demarkasiya gündəmdə !  - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”

28.11.2020

Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO  

26.11.2020

Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO

26.11.2020

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO

25.11.2020

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ

25.11.2020

Azərbaycan ordusu Kəlbəcərə yola düşüb 
 

24.11.2020

Şuşaya çəkilən yoldan fotolar

24.11.2020

Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
 

24.11.2020

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

24.11.2020

Polkovnik leytenant Rasim İbrahimov

24.11.2020

“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev

21.11.2020

Ermənilərin dağıtdığı 3 əsrlik abidəmiz - Qarğabazar məscidi

20.11.2020

Azərbaycan ordusu Ağdam rayonuna daxil olub - RƏSMİ
 

20.11.2020

Gülşən Qurbanovanın ölümündən 14 il ötür - Fotolar

17.11.2020

Oğluna velosiped almağı şəxsi heyətdən xahiş edən şəhid Ülvi Hüseynovun hekayəti   

17.11.2020

Bu gün Milli Dirçəliş Günüdür

17.11.2020

“Noyabrın 16-sı həyatımda xüsusi tarix kimi qalacaq” - Prezident

17.11.2020

"Azərbaycan 28 ildən sonra 44 günə torpaqlarını azad etdi"

16.11.2020

Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin cəsur zabiti...
 

16.11.2020

Göyçəni, Zəngəzuru azad etsəydik belə,onlar yenə hakimiyyəti tənqid edəcəkdilər”  

14.11.2020

Dağıdılan abidələrlə bağlı vətəndaşlara müraciət

13.11.2020

Ermənistan 28 abidəni tamamilə dağıdıb - Fotolar

13.11.2020

Hikmət Hacıyev Polad Bülbüloğlunu açıqlamasına görə tənqid etdi

13.11.2020

Xalq artistinin oğlu Şuşa döyüşlərində şəhid olub

13.11.2020

Əsgərimizin hamını kövrəldən mesaji - Fotolar

13.11.2020

“Qarabağda Azərbaycan qanunları icra ediləcək” - Məhərrəm Əliyev

12.11.2020

Azərbaycanda Konstitusiya Günüdür

12.11.2020

Qarabağ müharibəsi bitdi: Anlaşmanın şərtləri bizə nə vəd edir? - BİZİM ŞƏRH

10.11.2020

İlham Əliyev və Vladimir Putin imzalanmış sənədin mətnini açıqlayıb

10.11.2020

“Biz alçaltmışıq onu, əcəb də etmişik” - Prezident

10.11.2020

Paşinyan İlham Əliyevə təslim olduğunu açıqladı

10.11.2020

Atəşkəs elan olundu!

10.11.2020

"Övladımın qisası alındı" - Polad Həşimovun anası

09.11.2020

İlham Əliyev: " Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"

09.11.2020

Azərbaycanda Dövlət Bayrağı günüdür

09.11.2020

Mədəniyyət Nazirliyi Qubadlıdakı məscidlə bağlı bəyanat yaydı

07.11.2020

Xocalı soyqırımından bəhs edən film "Amazon Prime"da yerləşdirilib

06.11.2020

Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana aparılıb

04.11.2020

Qalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev
 

04.11.2020

İşğaldan azad edilmiş şəhər və kəndlərin sayı 200-ü keçdi - Siyahı

04.11.2020

Qarabağda bədnam erməni layihəsi: Tələbə və məktəbliləri... - Faktlar
 

04.11.2020
Bütün xəbərlər